23.12.2024, 08:51
AZ EN
22.03.2023, 10:04 207

Bu gün şəhid Emin Ağazadənin doğum günüdü

XƏBƏRLƏR
  • Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Emindir.  Ağazadə Emin Valik oğlu 1991-ci il martın 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. İlk təhsilini Ceyhun Həsənov adına orta məktəbdə alıb.

O, orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb, 2010-cu il noyabr ayında xidmətini başa vurub.

Vətən oğul istəyəndə o könüllü olaraq cəhbə bölgəsinə yollanıb, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Emin Ağazadə Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edərək düşmənin məhv edilməsi əməliyyatlarında fərqlənib, hətta düşmənin diqqətini də çəkib.

Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən düşmən tərəfindən ayağından vurularaq aldığı qəlpə yarasından əbədiyyətə qovuşub.

O, oktyabrın 27-də İsmayıllı rayonunun Kürdmaşı kəndindəki qəbiristanlıqda böyük ehtiram və izdihamla dəfn olunub. Cəsur döyüşçümüz ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azadlığına görə" medalları ilə təltif edilib.

Yaxınlarının dediyinə görə Azərbaycanın igid oğlu Emin Ağazadə gülərüz, istiqanlı, ailəsinə bağlı bir gənc olub. Həyat yoldaşı Leyla xanım isə onun barəsində deyir: “Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Mələk də onsuz qala bilmirdi. Eminin xarakterində kimisə incitmək və ya onunla küsülü qalmaq yox idi. O, hər zaman hamını razı salmağı çalışardı. Prezidentin səfərbərlik çağırışını eşidən kimi komissarlığa gedərək, döyüşməyə hazır olduğunu bildirdi.

Nəhayət, oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağırıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı. O, hamı ilə vidalaşıb yola düşərkən "Gedirəm, görərsiniz, bayrağa bürünüb gələcəyəm. Şuşanı alıb, qayıdacağam...", - deyib doğmalarına.

Leyla xanım daha sonra deyib ki, Emin hər gün bizimlə əlaqə saxlayırdı, vəziyyətimizlə maraqlanırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi və qızımız Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefonla danışarkən vidalaşdığı zaman mənə dedi ki, Leyla, Laçına gedirik... Allaha əmanət olun! Mənə heç nə olan deyil, qayıdacağam. Qızımıza yaxşı bax! Sonra iki gün Emindən xəbər ala bilmədik....

Azərbaycanın tarix yazan cəsur oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci övladı dünyaya gəlib. İki övladı Vətənə əmanətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər