19.10.2024, 20:29
AZ EN
25.11.2022, 12:27 602

Bu gün qəhrəman şəhidimiz kapitan Türkay Hüseynlinin doğum günüdür

XƏBƏRLƏR
  • Türkay Nizami oğlu Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub.O, orta təhsilini Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb.

Müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyulunadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu ləyaqətlə yetirinə yetirib.

Zabit kimi xidmətini davam etdirmək arzusunda olan Türkay Hüseynli 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi alan Türkay zabit kimi ilk olaraq qoşunların Quba rayonunda yerləşən N saylı hərbi hissəsində fəaliyyətə başlayıb.

Türkay Hüseynli xidmət etdiyi dövrdə iki dəfə Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında gizir və zabit komandir təməl kurslarında təhsil alıb. 2019-cu ilin iyulundan etibarən Daxili Qoşunların N saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.

3 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. O, komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın edib, üç yüzdən çox ermənini, eləcə də 8 tankı və 1 topu məhv edib. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüş zamanı erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid olub. Qeyd edək ki, bu döyüşdə cəsur komandirlə birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçuları – çavuş Məmmədov Elvin Tərlan oğlu və əsgər Abasov Ayaz Nizami oğlu da qəhrəmancasına həlak olublar.

Kapitan Türkay Hüseynli Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edilib. Qəhrəman şəhidimiz subay idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,  3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər