Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Qəbələnin Nic qəsəbəsində Alban-udi xristin dini icması ilə keçirilən tədbirdə belə deyib.
Rektor bildirib ki, Qafqaz Albaniyası bütövlükdə Qafqazda xristianlığın əsasının qoyulduğu bir yerdir. Xristianlıq ilk olaraq Qafqaz Albaniyasından bütün Qafqaz regionuna yayılıb. Bu, Azərbaycanın irsidir və dövlətimiz təkcə müsəlman irsinə deyil, eyni zamanda, xristian irsinə də sahib çıxır. “İlahiyyat İnstitutu olaraq, biz bu irsin öyrənilməsi və öyrədilməsinə öz töhfəmizi vermək üçün Alban-udi icması ilə birlikdə “Xristianlıq” kursu təşkil etdik. Bu kursda xristianlığın müxtəlif aspektləri Alban-udi icmasının üzvlərinə öyrədilib”,- deyə rektor qeyd edib.
Aqil Şirinov Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin də inşa edildiyini, təmir olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, Qarabağda məscidlərlə yanaşı, kilsə və məbədlər də erməni vandalizminə məruz qalıb. Hazırda vandalizmin qurbanına çevrilmiş kilsə və məbədlər də əsaslı təmir və bərpa olunur: “Bu, Azərbaycan dövlətinin tolerant siyasətinin, dövlətimiz tərəfindən burada yaşayan bütün insanların dini azadlığının qorunmasının nəticəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin burada yaşayan müxtəlif dinlərin nümayəndələrinə göstərdiyi qayğının bariz nümunəsidir”. (AZƏRTAC)