19.05.2024, 18:12
AZ EN
17.01.2023, 15:47 185

Oruc Rəsulov: Ali Baş Komandanımızın Qərbi Azərbaycanla bağlı sözləri sönmüş ümidlərimizi oyatdı

XƏBƏRLƏR
  • Biz deportasiya olunanda mənim iki yaşım vardı, qardaşım isə lap kiçik idi. Valideynlərim iki körpə uşaqla doğma el- obamızdan deportasiya edildi. Lakin babam və dayılarım hələ orada yaşayırdılar deyə, 5-6 yaşıma qədər onlara qonaq gedib-gəldim. O günlər də çox çəkmədi. Bir müddət sonra babamgilin ailəsi də daxil olmaqla, kəndin qalan bütün əhalisini də məcburi çıxardılar.

Bu sözləri  əslən Qərbi Azərbaycandan olan Oruc Rəsulov söyləyib.

Rəsulov Oruc Mösüm oğlu 1958-ci ilin fevralında İrəvan mahalının Sərdarabad rayonuna daxil olan Kərimarx kəndində dünyaya göz açıb. Özünün də dediyi kimi, hələ iki yaşı olarkən kiçik qardaşı, ata və anası ilə birlikdə doğma el-obasından sürgün edilib. Qismət elə gətirib ki, Oruc Rəsulovun ana babası olan Hacı Ramazanov ailəsi ilə bir müddət həmin kənddə yaşayıb. Elə Oruc da ömrünün uşaqlıq illərini babasıgildə qalmaqla keçirib. Amma qonaq kimi... Bu da çox çəkməyib. 1965-ci ildə Orucun babasıgil də daxil olmaqla, 12 ailə Sabirabadın Suqovuşan kəndinə köçürülüb.

Həmin anları uşaqlıq xatirələri kimi yaddaşına həkk edən Oruc Rəsulov deyir ki, ermənilər tərəfindən azərbaycanlı əhali daim incidilirdi, rahat yaşamağa imkan vermirdilər. Deportasiya olunan əhali köçürüldükləri şəraitsiz yerdə çətinliklə yaşayıb, hətta çox insan həyatını itirib: “Həyat yoldaşımın ailəsi də 1948-1953-cü illərdə Sabirabada köçürülüb, lakin burada yaşaya bilməyiblər. Bir müddət sonra, ara sakitləşəndə yenidən qayıtdılar öz yurdlarına. Amma ermənilər imkan vermədilər deyə, yenidən geri qayıtdılar.

Oruc Rəsulov doğma yurdunda axırıncı dəfə 1965-ci ildə olub. “Ermənilərdə azərbaycanlılara qarşı kin o qədərdir ki, hətta yurd yerlərimizin adlarını belə dəyişiblər. Keçilli, Armudlu, digər kəndlərimiz vardı. Bir dənə də olsun erməni kəndi yox idi orada. İndiki kimi yadımdadır, dayım və babam ilə heyvan aparardıq örüşə, həmin yer Bozdar adlanırdı. Yəni çöl adları da Azərbaycan toponimləri idi. Lakin əhali köçürüldükdən sonra ermənilər həmin adları dəyişdilər, hətta məzarlıqları şumlayaraq yox etdilər”, - deyə bildirir.

Onun sözlərinə görə, Kərimarx kəndi Sərdarabad rayonunun ən böyük kəndlərindən olub və pambıqçılıq, bostançılıq, üzümçülük üzrə ixtisaslaşmışdı. Eyni zamanda, əhali heyvandarlıq təsərrüfatı ilə də məşğul olub. Kəndin gözəl təbiəti, münbit torpaqları vardı.

Oruc Rəsulov həmin yerlər üçün çox darıxır, çünki uşaqlıq xatirələri qalıb orada. Ən böyük arzusu isə həmin yerlərə qayıdıb və doğma kəndində yaşamaqdır: “Düzdür, bura da bizim Vətənimizdir. Amma doğma yurd yerimiz ayrıdır. Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycanla bağlı sözləri mənim uşaqlıq xatirələrimi yenidən dirçəltdi, sönmüş ümidlərimiz yenidən oyandı. Əminik ki, Qarabağa qayıtdığımız kimi, o torpaqlara da qayıdacağıq". (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR