19.10.2024, 20:41
AZ EN
18.11.2022, 11:40 263

Əli İldırımoğlunun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar jurnalist Əli İldırımoğlunun anım günüdür. Müxbirlik fəaliyyətinə gənc yaşlarından başlayan Əli İldırımoğlu böyük həyat yolu keçib, jurnalistikamızda silinməz iz qoyub. Sadə əmək adamlarından, onların qayğı və problemlərindən bəhs edən yazıları, hekayələri, povest və romanları həmişə maraqla qarşılanıb.

Əli İldırımoğlu 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Burada orta məktəbin 8-ci sinifində  oxuyarkən Böyük Vətən müharibəsi başlayıb. 8-9-cu siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb. Məktəbin direktorluğu onu fəal şagird kimi qızların çoxluq təşkil etdiyi tədrisi davam etdirilən 10-cu sinfə keçirib.

Müharibə ilə bağlı kəndlərdə müəllim qıtlığı yarandığından o, məktəbi bitirən il Şuşa şəhərində müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Əli müəllim ilk dəfə Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb və 1946-cı ilə qədər rayonun bir neçə təhsil ocağında dərs deyib.

Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləyib.

O, 1955-ci ildən 1990-ci ilin sonuna qədər "Kommunist" qəzetində, daha sonra isə “Həyat" qəzetində xüsusi müxbir kimi çalışıb.

Onun hər cür pafosdan uzaq, sadə dili ilə seçilən əsərləri zəngin həyat təcrübəsinin, çoxillik jurnalist müşahidələrinin məhsuludur. “Kommunist” qəzetində çalışdığı illərdə gördüyü, şahidi olduğu hadisələri sonradan bədii əsərlərə çevirib. Həmin hekayə və romanların əsas qəhrəmanları Qarabağın və doğulduğu yurdun adamlarıdır.

Qırx il mətbuatda çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçılardandır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. Əli İldırımoğlu yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

Görkəmli ziyalı Əli İldırımoğlu 2020-ci il noyabrın 18-də Bakıda 93 yaşında vəfat edib.  

Mina RƏŞİD

Oxşar xəbərlər