22.11.2024, 08:48
AZ EN
01.12.2022, 10:53 400

Dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günüdür

XƏBƏRLƏR
  • Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi-2022”-yə start verib. Bu məqsədlə ilk olaraq Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində insan sağlamlığına ciddi təhlükə olan İİV yayılmasının qarşısını almaq üçün  maarifləndirmə aksiyaları keçirilib, müayinələr aparılıb. Tədbirlərdə 350-dən artıq müəllim, tələbə və təhsil ocaqlarında texniki sahədə çalışan işçilər sağlam həyat tərzləri barədə məlumatlandırılıblar. Universitet və kollecdə tələbələrə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu)  mühazirələr oxunub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Eyni zamanda, təhsil müəssisələrində münasib yerdə quraşdırılan informasiya guşəsində tələbələr həkimlərin təcrübəsindən yararlanıblar. Onlara İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.

Qeyd edək ki, bu cür tədbirlərin tədricən ölkəmizin hər yerində təşkil ediləcəyi nəzərdə tutulub.

Azərbaycanda İİV-lə mübarizə tədbirləri çərçivəsində fəaliyyətin nəticəsi olaraq, ötən ilin sonuna İİV-lə yaşayan insanlardan öz İİV-statusunu bilənlər - 74,0%; onlardan ART-yə (Antiretrovirus terapiyaya) cəlb olunanların - 87,8%; müalicə qəbul edənlərdən virus yükü təyin olunmayanlar - 86,0% təşkil edir. Göstəricilər bu yaxınlarda Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qlobal Fondun Missiyası Mərkəzin fəaliyyətini digər regional ölkələrə müsbət nümunə kimi göstərəcəklərini qeyd ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR