Atası deyir ki, Səyadulla çox qayğıkeş, mehriban oğuluydu. Anası da övladı ilə bağlı ağızdolusu danışır və onun kimi bir övladın anası olduğu üçün qürur duyur....
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əhmədov Səyadulla Rasim oğlunun doğum günüdür. O, 29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirib. Naxçıvana həqiqi hərbi xidmətə gedirb. Orada peşəkar atıcı kimi sərrastlığı ilə seçilib. Atası Rasim Əhmədovun dediyinə görə, xidmət etdiyi dövrdə vəzifələrini nümunəvi yerinə yetirdiyinə, hərbi biliklərinə və dəqiq atışlarına görə fərqlənməyi bacarıb: “O vaxt oğlum Naxçıvanda zabit kimi qalmaq istəyirdi. Mən xəstə olduğum üçün o qalmadı. Komandiri də onun qalmağını istəyirdi. Səyədulla həmişə deyirdi ki, nə vaxtsa mən bu sahəyə qayıdacam. Çox mehriban övlad idi, əsgərlikdən gələndən problemim olmurdu, daha doğrusu, məni işləməyə qoymurdu...”
Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatlardan sonra Səyadulla hərbi xidmətini davam etdirmək üçün fürsət gözləyirdi. Atasının səhhətindəki problemlər əməliyyatla müəyyən qədər aradan qalxdığı üçün dərhal könüllü olaraq orduda xidmət etmək üçün müraciət etdi. Nəhayət, gözlədiyi an gəldi. Vətən Müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırıldı.
Sərrast atıcı olan Səyadulla Əhmədov döyüşlərdə daim irəlidə gedib. Qardaşı Sadiqin sözlərinə görə, Füzuli rayonunun işğaldan azad olunması uğrunda qəhrəmancasına, son damla qanınadək döyüşən qəhrəman oktyabr ayının 2-də şəhidlik kimi ali zirvəyə yüksəlib: “Səyadulla çox qeyrətli bir oğul idi. Dağ kimi bir qardaş idi mənim üçün. Onun itkisi bizim elimizə, obamıza, ailəmizə çox ağır təsir elədi. Amma bir yandan da qürur duyuruq ki, mənim qardaşım Vətən yolunda, millət yolunda canından keçdi. Telefonla danışanda hərbi sirlər olduğuna görə məlumatları vermirdi. Deyirdi ki, narahat olmayın, yaxşıyıq, salamatlıqdır. Mən ondan soruşurdum ki, o şərəfsizlərdən öldürə bilibsənmi? Deyirdi, narahat olma, canlarını almışıq, inşallah, torpaqlarımızı geri qaytaracağıq”.
Şəhidin valideynləri onun xatirəsini əbədiləşdirmək üçün evlərinin həyətində muzey yaradıblar. Muzeydə Səyadullanın xatirə şəkilləri, geyim və əşyaları ilə yanaşı, üzərində qanının olduğu Dövlət Bayrağımız da saxlanılır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə qəhrəman əsgər, şəhid Səyadulla Əhmədov ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Səyadulla balamız!
Mina RƏŞİD