Bu sözləri Laçın sakini Leyla Məmmədova söyləyib.
İşğaldan azad olunan Laçında 1600-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Onlardan səsvermə hüququ olanlar bu il ilk dəfə Laçında səs verəcəklər. Bunun üçün şəhərdə 2 seçki məntəqəsi yaradılıb. Səsverməyə yüksək əhvali-ruhiyyədə hazırlaşan sakinlərdən biri də Leyla Məmmədovadır. Seçki gününə hazırlıqla bağlı bildiriş kağızı alanda çox sevindiyini bildirən Leyla Məmmədova deyib: “Laçınımız bizi gözəl qarşıladı. Yenidən bərpa olunan, hər bir şərait yaradılan evlərimiz, abad küçələrimiz, uşaqların təhsili üçün inşa edilən məktəb, göz oxşayan şəhərimiz bizim üçün yeni həyatın başlanğıcıdır. Laçında bir çox ilklər yaşadıq və həmin günlər unudulmayacaq tarixə çevrilib. Bir neçə gün öncə səsvermə ilə bağlı bildiriş kağızı alanda da qürur hissi keçirdim və sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu tarixi anları bizləri qalib ölkənin qalib vətəndaşına çevirən ordumuzun sayəsində yaşayırıq. Torpaqlarımızı düşmən əsarətindən azad edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
Qeyd edək, ki Laçın şəhərində 431 ailə, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub. Böyük Qayıdış prosesi davam edir. (AZƏRTAC)