Nazirlikdən bildirilib ki, həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb.
Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan təlabat müəyyən edilib.
Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.
Onların sırasına daxildir:
Qarabağ iqtisadi rayonu üzrə - toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompüter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru;
Quba-Xaçmaz iqtisadi rayonu üzrə - elektron ticarətçi, bərbər, vizajist, manikurçu, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompyuter şəbəkə inzibatçısı, barmen, barista, aşbaz, çağrı mərkəzi üzrə operator, xərrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi.
Növbəti mərhələdə qeyd edilən peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.