12.02.2026, 12:24
AZ EN
12.02.2026, 10:14 107

Öldü var, döndü yoxdu...

XƏBƏRLƏR
  • Tankçı olmaq Ramiqin uşaqlıq arzusu idi. O, tankçı kimi “Aprel döyüşləri” və Vətən Müharibəsinin qəhrəmanına çevrildi. Onun haqqında danışan döyüş yoldaşları deyirlər ki, Ramiq müharibənin ilk günündən igid döyüşçülərimizlə düşmən istehkamlarını darmadağın etdi. O, ancaq irəli gedir, öldü var, döndü yox, deyirdi...

Cəbrayıl uğrunda amansız döyüşlər zamanı Ramiqin şücaətləri düşmənin gözündən yayınmır. Onun idarə etdiyi tank raketlə vurulur. Ramiq yanan tankını belə tərk etmək istəmirdi, onu güclə çıxarırlar... Ramiq öz işinin ustası idi. "Pəncəli Teymur” onun idealı olmuşdu. Deyirdi ki, onun qisasını alacağam. Ölümdən qorxmurdu, bilirdi ki, vurulacaq, amma əlindən gələni edirdi... Yaralı olanda son dəfə anası Mehriban xanıma deyib ki, ana, sən məni bir dəfə Astarada dünyaya gətirdin. Mən ikinci dəfə Cəbrayılda doğuldum. Allah məni sənə yenidən hədiyyə etdi...

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ramiq Təhsin oğlu Ağayevin doğum günüdür. O, 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E.Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq onun uşaqlıq arzusu idi. Ramiq 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Sürücü-mexanik kimi 2012-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Vətənə xidmətə başlayıb. Ramiq 2016-cı ildə “Aprel döyüşləri”ndə tankçı kimi iştirak edərək şücaətlər göstərib.

Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Tankçı Ramiq Ağayev düşmənin xeyli istehkam qurğularını və canlı qüvvəsini məhv edib. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb, 13 gündən sonra, oktyabrın 19-da şəhadətə ucalıb.

Şəhidimiz doğma Səncərədi kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağayev Ramiq Təhsin oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.

Şəhidimiz ailəli idi, Şahin, Təbəssüm və Bəxtiyar adında 3 oğul balası Vətənə əmanət qalıb.  

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər