O, 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. 1990-cı ilə Sərdar İmrəliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Onun kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, bütün ölkədə tanınırdı.
2002-ci il oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, Ədliyyə Nazirliyinin "Ədliyyə" klubunda oynamağa davam edib. Hərbi xidməti başa vurduqdan sonra, 2004-cü ilin aprelindən "Bakılı" futbol klubunda çıxış etməyə başlayıb. Sonra ailə qurması ilə əlaqədar rayona qayıdıb, xırda bizneslə məşğul olub və Beyləqanın "Mil" komandasında oynayıb. 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Bir müddətdən sonra yenidən Bakıya qayıdaraq, EKOL MFK-da (mini futbol klubu) məşqlər keçib, sonra yenidən rayona qayıdıb.
2016-cı ildə ailə üzvlərinə bildirmədən sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verib. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Yaxınlarının sözlərinə görə, Elyarın hərb sənətinə uşaqlıqdan xüsusi marağı olub. Lakin o, evin tək uşağı olduğuna görə, hərbçi olmaq istəyinə valideynlərinin verəcəyi reaksiyadan çəkinirmiş. Buna görə də, ailəsinə işə başladıqdan sonra məlumat verib.
Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşıb, dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
Hərbi xidməti dövründə də futbol karyerasını davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandasının tərkibində ordu çempionu olub.
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Elyar Mirzəyevin döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayıb. "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənib. O, döyüş yoldaşları ilə müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad olunmasında iştirak edib. Həmin vaxtlar ailəsi ilə əlaqə saxlamağı da unutmayıb, onlara zəng vurub, ürək-dirək verib, hər şeyin yaxşı olacağını deyirdi.
Füzuli, Cəbrayıl və Ağoğlan istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlib. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını xilas edib.
Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Mirzəyev Elyar Cəlal oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elyarın 2 övladı Vətənə əmanət qalıb.
E.Mirzəyevin anası yeganə, həm də şəhid övladından danışmaqda çətinlik çəkir. Deyir ki, Elyar mənim hər şeyim idi... Bizim yeganə təsəllimiz odur ki, övladımız torpaqlarımızı azad edib və Vətən uğrunda şəhid olub. Şəhid anası bu gün Şuşanı, Laçını və Elyar kimi oğulların sayəsində işğaldan azad edilmiş bütün torpaqlarımızı ziyarət edənlərə demək istəyir ki, qəhrəmanlarımızı unutmasınlar...
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD