18.01.2026, 04:23
AZ EN
03.12.2025, 09:00 415

Ağdamın istedadlı gənci - Ayxan İmanovun uğur yolu

XƏBƏRLƏR
  • Azərbaycanın mədəni həyatında fəal iştirak edən, milli irsimizi xaricdə layiqincə təmsil edən gənclər arasında Ayxan İmanov öz zəhməti, bacarığı və çoxşaxəli fəaliyyəti ilə fərqlənir. Əslən Ağdam rayonunun Mollalar kəndindən olan Ayxan Rafiq oğlu İmanov, uşaqlıq illərindən musiqiyə və sənətə olan sevgisi ilə seçilib.

O, 2011-ci ildə İtaliya və Vatikan, 2013-cü ildə isə Macarıstanda keçirilən beynəlxalq musiqi festivallarında Azərbaycan mədəniyyətini təmsil edərək ölkəmizin zəngin musiqi irsini beynəlxalq auditoriyalara çatdırıb. Bu uğurları nəticəsində 2018-ci ildə respublika müsabiqələrinin qalibi olub və Heydər Əliyev təqaüdünə layiq görülüb.

Ayxan İmanov 2018–2022-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (AMK) xanəndə ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2022–2024-cü illərdə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsil müddətində yalnız ifaçılıqla deyil, eyni zamanda təşkilati və ictimai fəaliyyətlə də məşğul olub. O, 2020–2024-cü illər ərzində AMK-nın Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışaraq tələbələrin maraqlarını təmsil edib, müxtəlif mədəni tədbirlərin təşəbbüskarı və təşkilatçısı olub.

Təhsil və təşkilati fəaliyyətlə yanaşı, Ayxan İmanov sənət sahəsində də mühüm uğurlar qazanıb. 2023-cü ildə “İlin ən aktiv TGT sədri” mükafatına və “Heydər Əliyev – 100” yaradıcılıq müsabiqəsinin qalibi adına layiq görülüb. 2024-cü il dekabrın 10-da Prezidentin müvafiq əmri ilə dövlət səviyyəsində təltif edilərək Təşəkkürnamə alıb.

2025-ci ildə isə Türkiyədə Azərbaycan milli musiqisini təmsil edərək sənətimizin tanıdılmasına töhfə verib. Hazırda Türkiyədə doktorantura səviyyəsində təhsilini davam etdirən Ayxan İmanov elmi və pedaqoji fəaliyyətini də paralel şəkildə inkişaf etdirir. 2022–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olaraq, gənc ifaçılarla təcrübəsini bölüşüb.

Ayxan İmanovun timsalında bir daha şahid oluruq ki, Ağdam torpağı istedadlı, zəhmətkeş və vətənpərvər gənclər yetişdirməkdə davam edir. Onun uğurları həm ailəsinə, həm doğulduğu bölgəyə, həm də bütövlükdə Azərbaycan gəncliyinə qürur hissi yaşadır.

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər