Dünyada bərpa olunan enerji mənbələrinə olan bu qədər tələbat Azərbaycanı da bu istiqamətdə müəyyən addımlar atmağa vadar edir. Ölkəmizdə günəşli günlərin il ərzində 2500-3200 saat arasında dəyişdiyini nəzərə alsaq, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyələndirilə bilər. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır.
Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potensialı kifayət qədər yüksəkdir. İlkin qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.
Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi mühim əhəmiyyət daşıyır. Bu çərçivədə, ölkə başçısı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam da imzalayıb.
Mina RƏŞİD