Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin üzvü Elçin Abdullayev, Gorus rayon kəndləri üzrə icma sədrləri və üzvləri, ağsaqqallar, qadınlar, gənclər və digər qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyub, onun əziz xatirəsini anıblar.
Tədbirdə çıxış edən Hikmət Babaoğlu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin adından yığıncaq iştirakçılarını salamlayaraq, Qərbi Azərbaycan İcmasının əsas fəaliyyət prinsipləri və Qayıdış Konsepsiyası ilə bağlı görülən işlərdən, icmanın təşkilatlanma mərhələsindən danışaraq, İcma tərəfindən Gorus rayon icmasına yeni təyin edilmiş Etibar Həsənovu və Gənclər üzrə məsul şəxs Orxan Həsənlini rayon ictimaiyyətinə təqdim edib və onlara gələcək fəalliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Gorus rayon icmasının sədri Etibar Həsənov 2024-cü ilin birinci yarım ili ərzində görülən işlər və bundan sonraki tədbirlər planı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, Qayıdış konsepsiyasına uyğun olaraq hər bir azərbaycanlı, o cümlədən Gorus camaatı öz ata-baba yurdları, tarixi mədəni irsi, ermənilərin xalqımıza qarşı son iki əsr ərzində törətdikləri soyqırım, deportasiya və zorla doğma el obalarından qovulmasına yönəlmiş siyasətin dünya ictimaiyyətinə çatdırılmasını əks etdirən təbliğat-təşviqat fəaliyyətində həmrəylik göstərməli, bu istiqamətdə keçirilən tədbirlərdə fəallıq nümayiş etdirməlidirlər.
Bundan sonra tərbir iştirakçılarının görüləcək işlərlə bağlı təklifləri dinlənilib və icmanın üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
Tahirə AĞAMİRZƏ