23.11.2024, 01:52
AZ EN
06.10.2023, 09:00 240

Oruc yalnız irəli baxırdı

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Oruc Rövşən oğlu Nəcəflinin doğum günüdür.

O, 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbi bitirib. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Torpaqlarımızın 30 ilə yaxın düşmən əsərətində qalması ilə barışmayan Oruc Nəcəfli müharibəni çoxdan gözləyirdi. Ona görə də, 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşünə böyük ruh yüksəkliyi ilə qoşulan oğullarımızdan biri də o oldu. Oruc Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən, həmçinin Ağdərə istiqamətindəki döyüşlərdə mərdliklə savaşıb.

O.Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında böyük bir izdihamla torpağa tapşırılıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Oruc Nəcəfli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Doğmaları deyirlər ki, Orucun məktəbdən, universitetdən, xidmət etdiyi hərbi hissədən və iş yerindən hər zaman valideynlərinə xoş sədası gəlib. O, nümunəvi gənc idi.   

Orucla bərabər könüllü olaraq cəbhəyə yollanan bacısının həyat yoldaşı Kamil Cavadov orduya çörək daşıdığı üçün hər dəfə fərqli hərbi hissələrdə olduğunu, onunla görüşə bilmədiyini, ancaq tez-tez telefon əlaqəsi saxladığını deyir. O, Orucun Vətən sevgisindən, müharibənin başlanacağı günü səbrsizliklə gözləməsindən danışır. Oruc sonuncu dəfə telefon danışığında deyib ki, narahat olmayın, mən yaxşıyam və tezliklə qələbə xəbəri ilə geri dönəcəyik.

 Müharibədə Orucla çiyin-çiyinə vuruşan Vüsal Abduləlimov onunla bağlı xatirələrini bölüşüb: “Bizə dəstək üçün bir neçə əsgər gəlmişdi. Oruc da həmin əsgərlərin arasında idi və onunla o zaman tanış olduq. O, çox mərd yoldaş, sözün əsl mənasında, hər birimizə qardaş idi. Gecə saat 3-4 radələrində bir də görürdük ki, bizə çörək, su gətirir,“qardaşlarım, bir azdan döyüşə gedəcəyik, güclü olmalıyıq” deyirdi. Oruc çox ürəkli oğlan idi, geriyə yol tanımırdı və yalnız irəliyə baxırdı”.

 Bir gün Orucun qızı Rövşanə ilə telefon danışığını eşitdiyini xatırlayan Vüsal o səhnəni əsla unutmayacağını deyir: “Oruc telefonda “gözəl qızım”, - deyərək övladını oxşaya-oxşaya danışırdı. Telefon danışığını bitirdikdən sonra, mənə qızı ilə danışdığını və hələ təzə-təzə “ata” deməyə başladığını söyləyəndə, çox kövrəldim. Tez-tez qızı ilə xatirələrindən danışardı və biz də maraqla dinləyərdik. Bir dəfə, “qələbədən sonra sizi aparacağam Mingəçevirə və Rövşanə igid qəhrəman əmilərini görüb tanısın”, - deyəndən sonra Oruc bir kənara çəkildi və gözləri doldu...”.

 Qapanlı kəndində olduqları vaxtlarda düşmənin Tərtəri ələ keçirmək məqsədilə bir neçə dəfə hücuma cəhd etdiyini qeyd edən Vüsal qəhrəman əsgərlərimizin sayəsində ermənilərin çoxlu sayda canlı qüvvə itirərək geri çəkildiyini bildirib. Döyüşlərin birində müxtəlif istiqamətlərə bölündüklərindən ara-sıra bir-birlərindən xəbər tutduqlarını deyən Vüsal sonradan Orucun şəhid olduğunu biləndə sarsıldığını dilə gətirib: “İnanmaq çox ağır idi. Orucun Şəhid xəbəri bizi çox sarsıtsa da qazandığımız qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq və qanlarını yerdə qoymadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Vətən uğrunda şəhadətə ucalaraq adını Şanlı Zəfər tariximizə həkk edən Oruc Nəcəfli ailəli idi, onun Rövşanə adında qızı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər