Anası deyir ki, balamın ayrılığına belə bir şərəfli ölümə görə dözürəm, yoxsa çoxdan ürəyim dayanardı. Bir dəfə yuxuda gördüm ki, Sahil deyir, ana, bəsdir, ağladın!
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Sahil Ağaverdi oğlu Məmişlinin anım günüdür. O, 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Orta məktəbi bitirib və öz arzusuna doğru gedib. Əvvəlcə Daxili qoşunlarda, sonra Milli orduda kəşfiyyatçı gizir kimi Vətənə xidmət edib.
Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Müharibədə torpaqlarımızın azadlığı uğrunda sonadək vuruşub.
Sahil Məmişli noyabrın 11-də Şuşada döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 12 noyabr 2020-ci ildə doğma Biləsuvar rayonunun Çaylı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda","Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, nurüzlü, qəhrəman şəhidim!
Mina RƏŞİD