25.06.2025, 23:13
AZ EN
17.02.2023, 09:48 485

“Azərbaycan Bayrağı” ordenli, “Paşam” ləqəbli baş leytenant

XƏBƏRLƏR
  • “Müharibə başlayandan hər dəfə qapımızda maşın dayananda ürəyim düşürdü, həyəcan keçirirdim. Elə bilirdim, oğlumun şəhid xəbəri gəldi. Ürəyimə dammışdı ki, oğlum şəhid olacaq. İki dəfə yaralanıb, Murovu aşıb. Erməniləri gülə-gülə öldürən oğuldu o. Torpaqlarımız işğalçılardan təmizləndi, indi rahatam. Oğlum şəhid olub, mən də, şəhid anasıyam. Onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi böyüdəcəyəm, Musanın oxuduğu məktəbləri oxuyacaq, əmisi kimi cəsur hərbçi olacaq”. Bu sözləri Vətən müharibəsi qəhrəmanlarından olan şəhid, leytenant Musa Əlifağa oğlu Əsgərovun anası Sevda Əsgərova deyir.

Bu gün nəinki anasının, bütün Azərbaycanın qürur duyduğu igid oğullardan biri leytenant Musa Əsgərovun doğum günüdür. O, 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. Musa Əsgərov körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni edib. İdmanla məşğul olan Musa orta məktəbin 8-ci sinfindən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2018-ci ildə akademiyanı fərqlənmə ilə bitirən gənc leytenant XTQ-nin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb.

2020-ci il sentyabrın  27-də başlanan Azərbaycanın Zəfər yürüşünə Musa da ürəklə qoşulub. O, Murovdağ yüksəkliyi istiqamətində düşmənin 30 il müddətində qurduğu onlarla pusqu və maneələri yoldaşları ilə darmadağın edib. Cəbrayıl rayonu istiqamətində də gedən qanlı döyüşlərdə mərdliklə vuruşub.

Leytenant Musa Əsgərov 2020-ci il sentyabrın 28-də gedən savaşlarda düşmənin atdığı artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə yarasından qəhrəmancasına şəhadətə yüksəlib. Onun nəşi 4 gün neytral zonada qaldıqdan sonra tapılaraq doğulduğu Sabirabad kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Düşmənin kabusuna çevrilən “Paşam” ləqəbli baş leytenant Musa Əsgərov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Musanın Hərbi müəllimi Möhübbət Əhmədov deyir ki, yeddinci sinifdən ona dərs demişəm. Musa demək olar ki, məktəbin bütün yarışlarında iştirak edirdi. Həm gücünə, həm bacarığına görə bütün yoldaşlarından seçilirdi. Hiss edirdim ki, məktəbimizdə gələcəyin polad iradəli, döyüşkən komandiri böyüyür. Musa baş leytenant rütbəsinə kimi yüksəldi. Müharibə başladı, döyüş meydanında düşmənə qan udduran Musa şəhid oldu. Qürur hissi keçirirəm ki, mənim şagirdim bu zirvəyə yüksəldi. Allah rəhmət eləsin.
Musanın şəhadətindən bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhidimizin adını daşıyır. İkinci qəhrəmanın böyüdüyü ailədə indi hər kəs bu körpə ilə nəfəs alır...

Baş leytenant Musa Əsgərov Vətən uğrunda şəhadətə ucalanda cəmi 23 yaşı vardı. “Azərbaycan Bayrağı” ordenli Musanın adı indi gənc nəslə nümunə kimi hər kəsin fəxarət yeridir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Musa balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər