Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Məmmədov Azad Tahir oğlunun doğum günüdür. O, 16 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonundakı 152 saylı məktəbdə alıb. 2019-cu ildə hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Azad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Azad Məmmədov oktyabrın 18-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədov Azad ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.
Cənnətdki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD