24.04.2025, 22:28
AZ EN
20.10.2022, 16:36 674

Bu gün Əhməd Cəmilin doğum günüdür

XƏBƏRLƏR

 Ay nənə, bir nağıl da de,

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm,

Nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay,

Gör heç varmı bir oyaq?

 

Unudulmaz yazıçımız, şair Əhməd Cəmilin bu gün doğum günüdür. Yazıya şairin “Can nənə, bir nağıl de” adlı şeiri ilə başlamağım heç də  təsadüfi deyil. Görəsən, aramızda elə bir insan varmı ki, bu şeirin iki misrası olsa belə onu əzbər bilməsin? “Can nənə, bir nağıl de” şeiri bir oxucu kimi mənim üçün Ə.Cəmilin şah əsəridir. Şeirdə elə bir intonasiya, həzinlik və elə bir nəğmə var ki, onu dinlədikcə sanki nağıllar aləminə düşürsən. Şeirin sonunda atası qarda-boranda mühaibədə olan o uşaq kimi sən də xoş xəyalların qanadında gülümsəyirsən...

 

Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm;

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…

Qucaqladı atasını, sonra kimsə çaldı saz…

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı...

 

Tənqidçi, ədəbiyyatşünas Vaqif Yusifli yazır ki, Ə.Cəmil sakit təbiətli, mədəni, hay-küydən, yersiz mübahisələrdən uzaq bir insandı. Şairin  təbiətindəki o saflıq, insani keyfiyyətlər onun poeziyasına da təsir edib. Ondandır ki, Ə.Cəmilin qələmə aldığı şeirlərdən tərtəmiz bir uşaq dünyası boylanır. Doğma yurdunu, Vətənini sevən bir uşaq...  

 

Ey Vətən, ana Vətən,

Heyranam, sənə, Vətən!

Dupduru göllərin var,

Yamyaşıl çöllərin var,

Dağların baş-başadır,

Düzlərin tamaşadır...

Dərələrin dərindir,

Yaylaqların sərindir.

Nə gözəldir qucağın,

Doğma odun, ocağın.

 

Müəllim bu şeiri şagirdinə, ana övladına öyrədəndə qürur hissi keçirir, fərəhlənir, özümüz də sanki uşaq kimi o şeri qəlbimizə köçürür və heç vaxt unutmuruq.

Əsərləri ilə tariximizə və xalqın yaddaşına yazılan ölməz şairimiz Əhməd Cəmil 1913-cü il oktyabr ayının 20-də İrəvan şəhərində kustar sənətkar ailəsində dünyaya gəlib. Balaca Əhməd 4 yaşında atasını itirib və anasının himayəsində böyüyüb. Əhməd ibtidai və orta təhsilini Gəncə şəhər məktəblərində alıb. Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunub. O vaxtdan Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" adlı qəzet və jurnallarda vaxtaşırı çap olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist kimi çalışıb. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi olub. "Ədəbiyyat və İncəsənət” qəzetində ədəbi işçi, məsul katib vəzifələrində çalışıb.

İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışıb (1942–1943). Ə.Cəmil uzun müddət "Ədəbiyyat və İncəsənət” qəzeti, "Azərbaycan" və "Ulduz" jurnallarının redaksiya heyətinin üzvü olub.

“Azərnəşr”də baş redaktor, redaktor (1953–1955), Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), "Azərbaycan" jurnalının redaktoru (1959–1960), “Azərnəşr”in baş redaktoru (1962–1963), “Gənclik” nəşriyyatında redaktor (1964–1967), "Ulduz" jurnalında baş redaktor olub. Ə.Cəmil həm də tərcüməçi kimi rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdə olan əsərləri Azərbaycan dilinə çevirib.

"Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunub.

Şeirləri bu gün də dilimizin əzbəri olan ölməz şairimiz Əhməd Cəmil 1977-ci il sentyabrın 24-də Bakıda vəfat edib.

Mina RƏŞİD

Oxşar xəbərlər