22.11.2024, 12:07
AZ EN
28.09.2022, 16:25 198

Peşəsi olmayan köçkünlər iş tapmaqda çətinlik çəkirlər

XƏBƏRLƏR

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi məcburi köçkünlərin məşğulluq ehtiyaclarını öyrənmək üçün üç bölgədə -  sentyabrın 22-də Bərdədə 866 saylı qəsəbədə, sentyabrın 23-də Ağdamda “Bənövşələr” qəsəbəsində, sentyabrın 27-də isə Mingəçevir müzakirələr aparıb. Müzakirələr zamanı məlum olub ki, müəyyən bir peşəsi olmayan məcburi köçkünlər iş tapmaqda çətinlik çəkirlər. Daha çox dövlətin və beynəlxalq təşkilatların yardımlarına bel bağlayan insanlar indi başa düşürlər ki, hansısa bir peşənin sahibi olmaqla gələcəkdə rahat yaşaya bilərlər.

"Vətən səsi"nə bu barədə “Mingəçevir Valideynlər Assosiasiyası”  İctimai Birliyinin sədri Fərman Nəbiyev məlumat verib. O, 3 bölgədə 72 nəfərin iştirak etdiyi görüşlərdə qaldırılan məsələlərə və həlli yollarına diqqəti çəkib. O deyib: “Köçkünlərin bəziləri özünəməşğulluq proqramıına yazıldıqlarını, lakin bir-iki il keçməsinə baxmayaraq, faydalana bilmədiklərini dedilər. Hər bir fakt qeydiyyata götürüldü. Həm də açıqlama verildi ki, ehtiyacların qarşılanması növbəlilik qaydasında aparlır. Xüsusən, son illərdə maldarlıqla məşğul olmaq istəyənlərin sayı qat-qat artıb. Başqa bir məsələ isə hətta tövləsi olmayan şəxslərin də bu sahəyə müraciət ertmələridir. Amma elə peşələr və sahələr var ki, bu gün ərizə verən bir-iki aya müsbət cavab ala bilər. Buna görə də  qayıdış ərəfəsində köçkünlərin peşə bacarıqlarının artırılması və icmaların mütəmadi maarifləndirilməsi əhəmiyyət kəsb edir”.

Müzakirələr “Mingəçevir Valideynlər Assosiasiyası”  İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutub. Görüşlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndələri, Qarabağ və Mərkəzi Aran Regional Məşğulluq Fondlarının əməkdaşları, yerli İcra Hakimiyyəti və QHT təmsilçiləri də iştirak ediblər.  

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Mingəçevir Dövlət Universitetinin informasiya yardımı ilə həyata keçirilir.

Oxşar xəbərlər