23.02.2025, 14:31
AZ EN
20.02.2023, 09:51 240

Suqovuşan uğrunda şəhid olan şəkili balası

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid Şahmar Knyaz oğlu Soltanlının doğum günüdür. O, 1996-cı il fevralın 20-də Şəkidə anadan olub. Şəki şəhərində 5 saylı tam orta məktəbin 9-cu sinfini bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı Humanitar Kollecinə qəbul olunub. Ancaq atasının   vəfatı və anasının xəstəliyi Şahmarın təhsil almasına mane olub. Belə ki, Şahmar təhsilini yarımçıq qoyaraq işləmək məcburiyyətində qalıb. 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. 2020-ci ilin may ayında hərbi xidmətdən tərxis olunub.

Şahmar Soltanlı 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində könüllü olaraq Ordu sıralarına qoşulub. Tərtər rayonunun Qapanlı və Suqovuşan kəndləri, həmçinin Ağdərə uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. O, Suqovuşan uğrunda gedən qanlı savaşlarda yaralanıb və hərbi hospitala aparılıb. 2 gün hospitalda qaldıqdan sonra həkim ona döyüşə getməyə icazə vermədən tərxis edib. Ancaq Şahmar könüllü olaraq yenidən döyüşlərə qatılıb.

Ordumuzun mərd əsgəri Ş. Sultanlı 2020-ci il oktyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Onun nəşi 15 gün neytralda qaldıqdan sonra tapılaraq böyük bir izdiham və ehtiramla Şəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

İgid əsgər Şahmar Sultanlı şəhadətə ucalanda cəmi 24 yaşı vardı. O, istedadlı bir gənc idi, tarda və digər simli musiqi alətlələrində gözəl ifa edirdi. Qəlbində min bir arzusu olan Şahmar qumbaraatan və sərrast atıcı kimi döyüş meydanında da, öz bacarığını nümayiş etdirdi. Vətənin dar günündə, torpaqlarımızın işğaldan azad edilməsi üçün öz gənc ömrünü fəda elədi. Nəinki bu gün, nə qədər ki, Azərbaycan var, Vətənlə qoşa şəhidlərimizin də, adı əbədi olaraq xalqın qan yaddaşında, Zəfər tariximizdə yaşayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdək doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər