Bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən Aprel döyüşlərində bir sıra strateji əhəmiyyətli yüksəkliklər və kəndlər işğaldan azad edildi.
“Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı. Bu döyüşlərdəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi bərpa edildi.
Prezident İlham Əliyevin qətiyyətli siyası iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanmasını şərtləndirib”.
Baş prokuror qeyd edib ki, 07 fevral 2024-cü il tarixdə keçirilmiş növbədən kənar Prezident seçkiləri Yeni tarixi mərhələnin simvolik başlanğıcı hesab edilə bilər. (APA)