22.11.2024, 07:39
AZ EN
17.10.2022, 14:30 556

Bu gün dünyada yoxsulluqla mübarizə günüdür

XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla mübarizə günü kimi qeyd olunur.
Bu günün mahiyyəti dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirməkdir.
Azərbaycanda da əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Ulu öndər Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” qəbul edilib. Daha sonra Prezident İlham Əliyev “2015-2018-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 
Ölkəmizdə yoxsulluqla mübarizə sahəsində mühüm layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Bu gün Prezident İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malikdir: "Ölkəmizdə həyata keçirilən tədbirlər sayəsində bu istiqamətdə müsbət nəticələrin əldə edilməsinə nail olunub. Azərbaycan 2000-ci ildə BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı tərəfindən imzalanan Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannaməyə qoşulub. Həmin sənəddə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. Bəyannamənin imzalandığı dövrə qədər də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dayanıqlı iqtisadi inkişafa və sosial rifah səviyyəsinin yüksəldilməsinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib".
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində isə yoxsulluq 10 dəfəyə qədər azalıb. 
"COVID-19 pandemiyası ilə əlaqədar son iki ildə müşahidə edilən bir faiz artım isə müvəqqəti xarakter daşıyır. Sevindirici haldır ki, ölkədə mütləq və ifrat yoxsulluq sıradan çıxıb. İfrat yoxsulluq vətəndaşın gündəlik qazancının bir dollardan, mütləq yoxsulluq isə iki dollardan aşağı olması deməkdir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə minimum əməkhaqqı aylıq 300 manat təşkil edir. Adambaşına düşən gəliri 200 manatdan aşağı olan ailələrə isə ünvanlı sosial yardım verilərək onların da aylıq gəliri 300 manata çatdırılıb. Yəni ölkəmizdə mütləq və ifrat yoxsulluq tamamilə aradan qaldırılıb", - deyə Musa Quliyev bildirib.
Ölkəmizdə nisbi yoxsulluq səviyyəsinin dünyanın inkişaf etmiş ölkələri ilə eynilik təşkil etdiyini deyən komitə sədri bildirib ki, bu, yoxsulluqla mübarizədə müxtəlif istiqamətlərdə görülən işlərin, əməkhaqları, pensiyalar, müavinət və təqaüdlərin, demək olar ki, hər il artırılmasının nəticəsidir: "Ölkəmizdə vətəndaşların məşğulluğu təmin edilir, onları yoxsul edən səbəblərin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Yoxsulluğun əsas səbəbləri xəstəlik, işsizlik və evsizlikdir. İndi icbari tibbi sığortanın tətbiqi vətəndaşların tibbi xərclərinin xeyli hissəsinin sığorta və dövlət vəsaiti hesabına ödənilməsinə səbəb olub. Digər tərəfdən, müxtəlif dövlət proqramlarının icrası, kiçik və orta sahibkarlığın inkişafına diqqətin artırılması, mütəmadi olaraq yeni iş yerlərinin açılması işsizlik probleminin həllinə töhfə verir. Aztəminatlı əhali qruplarının gəlir imkanlarını artırmaq, onların kiçik sahibkarlığa çıxışına şərait yaratmaq üçün dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı bu sahədə mühüm önəm kəsb edir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə dəstək göstərilir".
Musa Quliyev deyib ki, dövlət əlilliyi olan şəxslərdən, eləcə də digər həssas qruplara aid vətəndaşlardan diqqət və qayğısını əsirgəmir: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST mərkəzlərinin yaradılması da yoxsulluğun aradan qaldırılması istiqamətində atılmış uğurlu addımlardan biridir. Həmçinin Prezidentin göstərişi ilə hər il təxminən 50-60 min ictimai-sosial iş yerləri açılır. Bütün bunlar ölkədə yoxsulluğun aradan qaldırılması üçün görülən institusional xarakterli tədbirlərdir. Ona görə yoxsulluq Azərbaycanda ən aşağı və nəzarət olunan səviyyədədir".

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR