20.07.2025, 15:44
AZ EN
20.07.2025, 09:23 57

Stokholmda Qərbi Azərbaycanın mədəni irsinə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  • İyulun 19-da İsveçin paytaxtı Stokholm şəhərində SAF İsveç-Azərbaycan Birliyinin texniki təşkilatçılığı ilə “Qərbi Azərbaycanın mədəni irsi haqqında beynəlxalq informasiya-təbliğat kampaniyasının keçirilməsi” mövzusunda tədbir təşkil olunub.

Görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar üzrə İctimai Birliyin layihəsi çərçivəsində keçirilib.

Tədbirin qonaqları Azərbaycandan gəlmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, elmlər doktoru Əfsər Sadıqov, hüquq elmləri doktoru Səftər Rəhimli və “Xalq qəzeti”nin əməkdaşı Anar Turan olublar.

İctimai Birliyin İdarə Heyətinin üzvü Anar Turan rəhbərlik etdiyi layihənin əhəmiyyəti və təşkilatın fəaliyyəti barədə iştirakçılara məlumat verib. O vurğulayıb ki, onilliklər ərzində siyasi gündəmdən kənarda qalan Qərbi Azərbaycan mövzusu bu gün Azərbaycanın dövlət siyasətində prioritet yerlərdən birini tutur. Bu mövzunun beynəlxalq aləmdə təbliği və soydaşlarımızın mədəni hüquqlarının tanınması strateji əhəmiyyət kəsb edir. A.Turan onu da qeyd edib ki, məsələnin aktuallığını nəzərə alaraq, ictimai qurumlar, QHT-lər və media bu istiqamətdə fəal olmalı, həmrəylik nümayiş etdirməlidir.

Professor Əfsər Sadıqov çıxışında qeyd edib ki, Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi bu ərazilərdən deportasiya olunmuş soydaşlarımızın ləyaqətlə və təhlükəsiz qayıtmasını təmin etmək məqsədi daşıyır. Bu, mülki şəxslərin və hərbi əsirlərin müdafiəsi ilə bağlı 1949-cu il Dördüncü Cenevrə Konvensiyasının müddəalarına uyğun gəlir və həmçinin onların geri qayıtdıqdan sonra hüquqlarının müdafiəsi üzrə təminatları nəzərdə tutur.

O, həmçinin əlavə edib ki, mədəni irs hər bir xalqın milli kimliyinin ən mühüm elementidir, onun ideoloji, mənəvi-siyasi inkişafını müəyyən edir və deməli, millətin mövcudluğu ilə birbaşa bağlıdır.

İsveçdə yaşayan hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamrani vurğulayıb ki, Qərbi azərbaycanlıların mədəni hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə aparılmalı və insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirilməlidir. O, tədbirin insan hüquqlarının müdafiəsi üzrə güclü ənənələrə malik və Avropa Şurasında fəal mövqeyi olan İsveçdə keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə, həmçinin Azərbaycan diasporunun nümayəndələri Sevda Dadaşova, Ayda Əmir Haşimi, Nadir Hollenbrand, Babək Azəroğlu və yazıçı Eluca Atalı çıxış ediblər.

Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir onun mədəni irsinə həsr olunmuş fotosərginin və kitab ekspozisiyasının təqdimatı ilə başa çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər