Tədbirdə geniş məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəm fundament üzərində qurulması, qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsinə var gücü ilə çalışmaqla xalqımızın xilaskarı, Ümummilli Lideri adını qazanıb.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi islahatlar fonunda diplomatik, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin qurulması ilə Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Xüsusilə də 1994-cü ildə atılan bir sıra addımlar istər siyasi, istərsə də iqtisadi sabitlik və yüksəlişin bünövrəsi hesab olunur. Ermənistanla cəbhəddə əldə olunan atəşkəs, “Əsrin müqaviləsi” neft sazişinin bağlanması sadalanan proseslərin dinamik inkişafına təkan verdi. 7 ölkəni təmsil edən dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan, müdrik, uzaqgörən, gələcəyə hesablanmış “Əsrin müqaviləsi” mahiyyət etibarilə iqtisadi müqavilə olsa da, əslində, gələcəkdə Azərbaycanın aktuallığını və önəmini birə-beş artıran neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin bünövrəsinin qoyulması və sonrakı inkişafın mühüm perspektivlərinin formalaşmasının təməl addımı hesab olunur.
İcra başçısı onu da vurğulayıb ki, bu gün Azərbaycanın istər daxili siyasəti, istərsə də beynəlxalq diplomatiyada qazandığı uğurlar, böyük nüfuz, bir sözlə, iqtisadi və siyasi mövqe Heydər Əliyev siyasi irsinin layiqincə davam etdirildiyinin bariz nümunəsidir.
Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseyov və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişib. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə doğru səfərbər olub.
Hazırladı: Mina RƏŞİD