20.10.2024, 01:42
AZ EN
22.06.2022, 11:10 475

“Şəhid qanını yerdə qoya bilmərəm”- deyə qəhrəman oldu

XƏBƏRLƏR
  • İşğala məruz qalan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar! Bəli, qan tökülməzsə, azadlıq tumu göyərməz. Azərbaycan xalqının da qanı töküldü, vətən, torpaq, azadlıq uğrunda  minlərlə can qurban verdi. Qırx dörd günlük Vətən müharibəsi zəfər sevinci ilə bərabər qəhrəman oğulların əbədiyyətə qovuşmasına da şahidlik etdi.

Müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış videolar sosial şəbəkələrdə tez-tez qarşıma çıxır. Bunları izlədikcə düşünürəm ki, onlar, bəlkə də, həmin an hər şeyi gözə alıb özlərini əbədi olaraq yaddaşa köçürdüklərindən xəbərsiz idilər. Komandirinmi, ya əsgər yoldaşlarınınmı -“Kəlmeyi-şəhadətinizi deyin, minin maşına”- sözlərini gülə-gülə qarşılayıb, mobil telefonun ekranına gülə-gülə baxıb sevdiklərinə, doğmalarına əl edərək əbədiyyətə yollanan qərhəman oğullarımız necə də məğrurlarmış Tanrım...Çıxdıqları yolun sonunun nə olacağını bilmədən yumruqlarını düyünləyib, - Hər şey Vətən üçün! - deyən oğullar, əbədi dünyada məqamınız uca olsun!

Sadiq Nüsrət oğlu Nəcəfli 22 iyun 2000-ci il tarixində Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində  anadan olub. 2006-cı ildə doğma kəndlərində Təyyar Əliyev adına  tam orta məktəbin birinci sinfinə gedən Sadiq sonrakı illərdə də davranışı və savadıyla  məktəbin fəal uşaqlarından biri olub. Böyük arzularla yaşayan igidimiz  idmanla da məşğul olub, cüdo üzrə bir sıra nailiyyətlər də qazanıb.

Hələ uşaqikən torpaqlarımızın işğalda qalması ilə barışmayan Sadiq Nəcəfli hərbçi peşəsini seçmişdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbin 4-cü kurs tələbəsi idi. İkinci Qarabağ savaşının başlanmasını çoxdan gözləyirdi və elə müharibənin ilk günlərindən “Vətənə canım qurban”-deyib torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəyə qoşuldu. Cəbrayılda, Füzulidə, Hadrutda gedən döyüşlərdə qəhrəmancasına vuruşurdu. Çiyinlərində yaralı əsgəri daşıyan Sadiqin ümidi tükənməsə də fiziki cəhətdən çox yorulmuşdu, dizlərində taqət qalmamışdı. Buna rəğmən bütün gücünü toplayıb mərmilərin güllə kimi yağdığı, şaxtanın qılınc kimi kəsdiyi qarlı qış havasında sona qədər getməyi bacarıb, yaralı olmasına baxmayaraq nə yoldaşlarını yarı yolda qoyub, nə də  döyüş meydanını tərk edib, həm canından çox sevdiyi Vətənə, həm də adına sadiq qalaraq son ana, son nəfəsinə qədər qəhrəmanlıqla vuruşub.Məhz bu müqəddəs sevgi  bədənini dəlib-deşən güllə yarasına məlhəm olub, yaralı igidimizin canına təpər qatıb əllərindən tutub onu ayağa qaldırıb. Müharibənin bu qanlı-qadalı günlərində doğmaları ilə imkan tapıb telefonla danışdığı anlarda onlara da təsəlli verməyi, ümidli olmağı unutmayıb qəhrəmanımız.

Onu da vurğulamaq yerinə düşər ki, ona bu cəsurluq, vətənpərvərlik Birinci Qarabağ müharibəsi qazisi atasından keçib. Həmişə deyirmiş ki, orta təhsilimi şəhid adını daşıyan məktəbdə almışam, mən necə bu şəhidin qanını yerdə qoyaram.... Zabit kimi xidmət edəcəyi günü səbirsizliklə gözləyən Sadiqin sən demə,  taleyinə döyüş meydanında qəhrəman kimi şəhidlik məqamına ucalmaq yazılıbmış.

Hər dəfə daha irəli gedib düşməni məhv etdikcə, üç rəngli Bayrağımız azad olan ərazilərimizə taxıldıqca sinədolusu nəfəs alan Sadiq Nəcəfli noyabrın 7-də Şuşada düşmənlə əlbəyaxa döyüşlərdə düşmənə son zərbəsini vuraraq adını tarixə yazdı...

Bu gün Birinci Qarabağ müharibəsinin qazisi olan atasına təsəlli isə vətərpərvər böyütdüyü oğlunun ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” təltiv edildiyi medallardır...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər