18.12.2024, 22:13
AZ EN
17.10.2023, 18:47 290

Ermənistanın Gəncəyə raket atmasının ildönümü ilə bağlı yürüş keçirilib

XƏBƏRLƏR
  • 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Bu qanlı faciənin ildönümü ilə əlaqədar olaraq Gəncədə yürüş təşkil olunub. Yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Yürüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və 450-dən artıq partiya fəalı iştirak ediblər.

Həlak olanların əziz xatirəsini yad etmək məqsədi ilə keçirilən yürüş Gəncə şəhər 1 saylı “ASAN Xidmət” Mərkəzinin qarşısından başlayıb “Qələbə” parkında başa çatıb.

Daha sonra yürüş iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin önünə tər çiçəklər düzüblər.

Tədbirdə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” tipli raketlərlə hücum edildi. Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi. Şəhərin 4000-nə yaxın yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən hərbi şəhidlərlə yanaşı, terror qurbanı olan mülki vətəndaşlarımızın da xatirəsi əziz tutulur. Belə ki, Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır. Bu ərazidə inşası nəzərdə tutulan Memorial Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı qoyulmuşdur.

Tədbirdə Gəncəmizin Zəfər ətirli qəhrəmanı Yüksəl Əlizadənin anası, GDU-nun Xarici dillər fakültəsinin kafedra müdiri Sevda Kazımova çıxış edərək, bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrin - Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması dəhşətlərinin yaddaşlardan heç zaman silinməyəcəyini bildirib.

Çıxışlardan sonra din xadimi tərəfindən Vətən müharibəsi zamanı şəhid olanların ruhlarına dualar oxunub.

Sonda Vətən müharibəsi zamanı qətlə yetirilən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq raket hücumları zamanı dağılan ərazi ziyarət olunub, ətrafına çiçəklər düzülüb. (APA)

Oxşar xəbərlər