14.03.2025, 21:54
AZ EN
01.11.2023, 11:41 326

Qubanın "Azərbaycan Bayrağı" ordenli ilk şəhidi

XƏBƏRLƏR
  • Dünyaya gələn bir gün gedəcək. Amma deyirlər ki, ölümlərin ən gözəli şəhidlikdir. Yəqin elə buna görə də, Yaşarın atası oğlunun şəhidliyini, onun cismən yoxluğunu itki hesab etmir. Deyir ki, bu itki deyil, qürurdu, fəxrdi. Çünki uzun illər işğal altında qalan torpaqlarımızı bu oğullar 44 gün ərzində azad etdilər. Onlar Vətən uğrunda canlarından keçdilər.

Ancaq anası oğluna çox bağlı olduğunu deyir və buna görə də, özünü onsuz təsəvvür edə bilmir. Yaşar da çox istiqanlı olub anasına, onu qucaqlayıb, xoş sözlər deməyi heç vaxt unutmayıb. Anası indi də ona körpə yaşlarında olduğu kimi lay-lay deyir:

Lay-lay,Yaşarım lay-lay,

Gözəl balam, lay-lay...

Gəl, anan qurban olsun, sənə.

Yenə lay-lay deyim sənə...

Azərbaycan ordusunun XTQ-də kiçik çavuş, manqa komandiri olmuş Vətən müharibəsi qəhrəmanlarından biri, Yaşar Xudayev Qubanın “Azərbaycan bayrağı” ordenli, həm də ilk şəhididir.  

Bu gün doğum günü olan qəhrəman şəhidimiz Yaşar Əli oğlu Xudayev 1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub.
Azərbaycan Ordusunun xüsusi təyinatlı əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

Yaşar Xudayev müharibənin başladığı ilk həlledici gündə - sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Quba şəhərində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Yaşar Xudayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ondan danışarkən bütün ailə üzvləri Yaşarın şəklini kimisi əlində tutmuş, kimisi  döş nişanı kimi yaxasına sancmış, kimisə də boynundan asmışdı... Yaşarın müqəddəs adı bu gün nəinki doğmalarının, dünyaya göz açdığı Qubanın və bütün Azərbaycanın qürur yeridir.

20 yaşlı qəhrəman, cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR