Bu gün Zəfər tariximizin qəhrəmanlarından olan şəhid Asif Yolçu oğlu Qocayevin doğum günüdür. O, 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub. Gəncə şəhər 26 nömrəli tam orta məktəbdə təhsil alıb. Asif dəmiryolçu idi. Onu Vətən müharibəsinə doğma kollektivi yüksək əhval-ruhiyyə, təntənə ilə yola salıb.
Azərbaycan Ordusunun əsgəri olan Asif Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Xocavəndin Hadrut qəsəbəsi, Füzuli, Qubadlı, Laçın və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin sonuna qədər vuruşub. Döyüşlər zamanı bir çox yaralı əsgər yoldaşını xilas edib. Özü yaralı olsa da yoldaşlarını düşünüb.
Asif Qocayev noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Gəncə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Asif Qocayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD