17.01.2026, 21:59
AZ EN
08.01.2026, 22:53 112

Fəridə Pənahova: Prezident İlham Əliyevin dil və milli kimliklə bağlı çağırışları diaspor üçün mühüm əhəmiyyət daşıyır

XƏBƏRLƏR
  • “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qorunması, milli kimliyin saxlanılması və gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsi ilə bağlı çağırışları xaricdə yaşayan azərbaycanlılar üçün mühüm yol xəritəsidir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə diaspor fəaliyyətində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova müsahibəsində deyib.

Fəridə Pənahova bildirib ki, Prezident İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirlər Azərbaycan diasporunun fəaliyyətində prioritetləri aydın şəkildə müəyyənləşdirir. Diasporun birlik və həmrəyliyi Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsində, ölkənin nüfuzunun artırılmasında mühüm rol oynayır. Bu istiqamətdə Britaniyada diaspor təşkilatları dövlət qurumları, parlament üzvləri və ictimai institutlarla əlaqələri genişləndirir, Azərbaycan həqiqətlərinin çatdırılması üçün ardıcıl iş aparırlar. Bu fəaliyyətlər Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Londondakı səfirliyi ilə sıx koordinasiya şəraitində həyata keçirilir.

Fəridə Pənahova Şuşada keçirilən Zəfər qurultayında Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, diaspor məktəblərinin və təhsil təşəbbüslərinin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlərin xüsusi əhəmiyyət daşıdığını da əlavə edib. O bildirib ki, diasporun əsas hədəfləri təsir imkanlarının genişləndirilməsi, institusional güclənmə və gənclərin, xüsusilə akademik potensialın səfərbər edilməsidir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi davamlı diqqət və siyasi iradə xaricdə yaşayan azərbaycanlılar üçün həm böyük dəstək, həm də məsuliyyətdir.

O, Londondakı “Qarabağ” məktəbinin fəaliyyətinə də toxunub. Fəridə Pənahova qeyd edib ki, “Qarabağ” məktəbi 2021-ci ildə şəhidlərin xatirəsinə ehtiram olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılıb və əsas məqsəd xaricdə böyüyən uşaqların ana dilinə, tarixinə və milli kimliyinə bağlılığını qorumaqdır. Məktəbdə Azərbaycan dili, tarix, mədəniyyət və musiqi tədris olunur, şagirdlər Böyük Britaniyada keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirak edərək Azərbaycanı layiqincə təmsil edirlər. Bu təşəbbüs Prezident İlham Əliyevin Azərbaycan dilinin və milli kimliyin qorunması ilə bağlı çağırışlarına uyğun olaraq diaspor fəaliyyətində mühüm yer tutur. (AZƏRTAC)

Oxşar xəbərlər