21.05.2024, 03:44
AZ EN
28.10.2023, 18:09 240

Basarkeçər rayonunda erməni özbaşınalıqları - hadisə şahidinin xatirələrindən

XƏBƏRLƏR
  • Göyçə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndinin sakini Hacı Hasan (1818-1915) babamızın nəticəsi (Molla Həmidin həyat yoldaşı) 100 yaşlı Qizbəs nənə (1891-1991) həyatında 6 dəfə qaçqınlıq yaşayıb: İlk dəfə 1893-cü ildə, sonra ardıcıllıqla 1905, 1918, 1920, 1948-1952 və 1988-ci illərdə.

Qizbəs nənənin dediklərinə görə, Göyçə mahalının Qaraiman kəndindən olan dövlət nümayəndəsi Kərbəlayi Musa oğlu Məşədi İsa, Zoddan Vəli oğlu Səmədağa, Şişqayadan Məhərrəm oğlu dövlət sərkərdəsi Kor Tanrıverdi, Daşkənddən Göyçənin Koroğlusu Hacı Rəhim və Aşıq Nəcəf, Göyçənin ağsaqqalları – Daşkəndli Mədət, Zodlu Məcid olduqca igid, mərd, cəsarətli adamlar idilər.

Hacı Rəhim Sulikovun bizdən oğurladığı 125 baş mal-qaranı Göyçədən Kəlbəcərə gətizdirir. Sulikov sonra bu məsələdən xəbər tutur. Nikolaya məktub göndərir ki, Hacı Rəhim haqqında tədbir görülsün və öldürülsün. Hacı Rəhim bunu eşitdikdən sonra Kürdüstana gedərək bir neçə ay orada qalır. Lakin qəribliyə dözə bilməyərək Daşkəndə qayıdır. Daşkənd ağsaqqalları onun qayıtmasına çox təəccüblənirlər. Sulikovun onu öldürmək istəməsini Hacı Rəhimə deyirlər. Buna baxmayaraq, Sulikov və Andranik Göyçə mahalının Koroğlusu Hacı Rəhimdən çox qorxurdular.

Bu barədə açıqlamasında Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov söyləyib.

Ə.Cəfərov deyib: “O dövrdə Göyçə mahalının Basarkeçər rayonunun qubernatoru Hovannes (Avanes) hörmətli insanlardan biri sayılırdı. Sulikov və Andranik onunla hesablaşırdılar. Səfər oğlu Avanes Nikolayın çox yaxın adamlarından biri idi. Bunu bütün İrəvan bilirdi. Avanes həm də Hacı Rəhimin atası Axund Şəfi ilə yaxın dost idi. Hacı Rəhim Daşkənd ağsaqqallarına dedi ki, o, Basarkeçərdə Avaneslə görüşüb bu əhvalatı ona deyəcək. Daşkənd ağsaqqalları Hacı Nağı, Mədət kişi, Hacı Allahverdi çox nigaran idilər. Hacı Rəhim heç nədən çəkinmədən özünü Basarkeçərə – Səfəroğlu Avanesin qapısına çatdırdı. Xoşbəxtlikdən qapıya qədər heç kimlə rastlaşmadı. Atı qapıya yaxın sürüb qamçının sapı ilə qapını döydü. Avanes qapıya çıxanda bərk çaşdı, Hacı Rəhimi görəndə az qaldı ürəyi ağzından çıxsın. Avanesin arxasınca bayıra çıxan Knarik arvad üzəngidə Hacının ayaqlarını qucaqladı.

Hacı dedi: “Mən buraya həmişəki kimi bir dost olaraq gəlmişəm, qorxmayın. Ancaq istəyirsinizsə, mən bu evə sakit gəlim-gedim, Sulikovu başa salın ki, mənim adımı çəkməsin, məni soraqlamasın. Bilirəm, Sulikov sizin sözünüzdən çıxan deyil, onun malını da qaçaqlar aparıb. İşin nəticəsini Daşkənddə Nağı bəyə çatdırarsan. Bir ay sənə vaxt verirəm.

Avanes və Knarik bildirdilər ki, Hacı Rəhimin bir sözü iki ola bilməz. Əgər olsa, deməli, bu ev başlarına uçmalıdır. Odur ki, Sulikovu bu fikrindən döndərməli idilər. Avanes Sulikovun dilindən kağız alıb Nikolaya göndərir ki, mal-qaradan Hacı Rəhimin xəbəri yoxdur. Mal-qaranı qaçaqlar oğurlayıb, onların haqqında tədbir görülsün. Nikolayın və Sulikovun Hacı Rəhimlə işi yoxdur. Bundan sonra Hacı Rəhim öz doğma kəndi Daşkəndə qayıdır”.

Ə.Cəfərov, eşitdiklərini bu cür nəql edir: “Sulikovun qəddarlığı onun ömrünə son qoydu. Yaşlılar deyərdilər ki, Hacı Rəhim Sulikovun xəncəri ilə onun başını bədənindən ayıranda o “Nikolay, Nikolay”, gah da “arpa, arpa” deyərdi. Sulikov bu sözləri deməklə son anda Nikolayı köməyə çağırıb, “arpa, arpa” deməklə isə müsəlman kəndlərindən erməni atlarına arpa istəyirdi.

Atam (Mahmud) və əmilərim (Süleyman, Molla Həmid, Cabbar) deyirdilər ki, Osmanlı Ənvər paşa olmasaydı, ermənilər bizi dənizə tökərdilər, yaxud da hamımızı öldürərdilər. Bu sözləri Göyçə mahalının ağsaqqalı Zeynalabdin müəllimdən eşitmişdim. Osmanlı qoşunları Bakıya qədər yürüş edib azərbaycanlıları labüd ölümdən xilas etdilər.

Molla Həmid əmimin həyat yoldaşı Qizbəs nənə deyərdi ki, babalarımın canı, öz canım qırmızışalvar Osmanlı əsgərinə qurban olsun. Bizə paltar, qidalar, tüfəng verdilər. Onlar bizə ürək-dirək verib “Şino yavrum” deyirdilər. Biz isə türk əsgərlərinə canım sizə fəda olsun (canfida) deyərdik. Deyirdilər ki, qorxmayın, türk qardaşlarınız ermənilərin burunlarını ovacaqlar.

Doğrudan da türklərin gəlişi ilə elə bil qurbağa gölünə daş atıldı, ermənilər öz qınlarına çəkildilər. Amma yenə ürəklərində türklərə, bizlərə qarşı kin-küdurət saxlayırdılar”.

Cəlil əminin öldürdüyü İsacanın oğlu nəvəsinin adını İsacan qoymuşdu. Ermənilər onunla fəxr edərək deyirdilər: “İsacan erməni xalqının qəhrəmanıdır”. Çünki ifrat millətçi olan İsacan qəddar erməni idi. O, boya–başa çatandan sonra Basarkeçər rayonunda partiya komitəsində şöbə müdiri, daha sonra rayon maarif şöbəsinin müdiri işləyirdi. Atam (Zeynalabdin) əvvəllər məktəb direktoru işləmişdi. İsacanın dövründə isə direktor vəzifəsindən kənarlaşdırılaraq müəllim işləməyə başladı.

Bizim nəsildən olan hər hansı birini vəzifəyə təyin etmək istəyəndə İsacanın elə bil beyninin qurdu tərpənirdi.

-Bu filankəsi siz tanıyırsınızmı?

Başqa bir erməni təəccüblə Zeynalabdinə baxıb deyirdi.

-Bu, yaxşı, qabiliyyətli oğlandır.

-Yox, siz onu yaxşı tanımırsınız. Onun əmisi Cəlil erməni xalqının düşmənidir. O, mənim babam İsacanı və daha iki ermənini öldürüb.

-Düz deyirsən?

-Bəli, mən düz deyirəm, bu oğlan (Zeynalabdin) düşmən nəsildəndir.

-Belələrindən beynəlmiləlçi olmaz. Bu işə başqasını təyin etmək lazımdır.

Eyni zamanda, bu sözləri Cəlil əmimin oğlu Səfərə də aid etmək olar. Səfər 5 il İkinci Dünya müharibəsində vuruşub, ikinci qrup əlildir. O da əvvəllər məktəb direktoru, sonralar müəllim işləyib. Minasyanın Səfəri görməyə gözü yox idi. O, iclaslarda deyərdi ki, Səfərin atası Cəlil mənim babam İsacanı 1918–ci ildə öldürüb, o, bizim qatı düşmənimizdir.

1988–ci il dekabrın əvvəlində Minasyan Zeynalabdinin öldürülməsini istəyirdi. Atam bunu başa düşəndən sonra oradan gedib.

İsacan Minasyan Basarkeçər rayonunda həm də “Daşnaksütyun” partiyasının sədri idi. Bəli, İsacan Minasyan kimilər düşmənçilik siyasəti yürüdərək ermənilərin gözündə bizi - türkləri cəllad səviyyəsinə qaldırırdılar.

“Azərbaycanın Xalq şairi Hüseyn Arif 1988-ci ildə “Göyçəlilər, dağılmayın Göyçədən” şeirini poçt vasitəsilə Bakıdan Göyçəyə, atam Zeynalabdinə göndərmişdi. Bu şeirə cavab olaraq Bala Məzrəli Məznun Göyçəli “Dağılmarıq Göyçədən” şeirini yazıb Hüseyn Arifə cavab olaraq qaytarmışdı. Atam bu şeirləri Göyçə mahalının Basarkeçər rayonunun məktəblərində təbliğ edirdi. Minasyan atama bu şeirləri təbliğ etdiyinə görə şiddətli sürətdə partiya töhməti vermiş, hətta onu daşnaklarla hədələmişdi”, - deyə Əmiraslan Cəfərov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər