13.03.2025, 01:51
AZ EN
25.11.2022, 08:00 292

Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür

XƏBƏRLƏR
  • Bu gün BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Qeyd edək ki, bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrlə bağlıdır. Belə ki, o vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının hazırladığı "Qadın və qızların gender əsaslı qətlləri" adlı hesabatında bildirilib ki, bir çox qadın və qızlar evdə belə təhlükəsiz deyillər. Qeyd olunub ki, ötən il dünyada hər saatda 5-dən çox qadın və ya qız qohumları tərəfindən öldürülüb.

BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi və Qadın Təşkilatı tərəfindən “Qadın və qızların gender əsaslı qətlləri” adlı hesabat 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən əvvəl dərc edilib. Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu vurğulanan hesabatda zərif cinsin nümayəndələrinin öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilib. 

Qeyd olunub ki, keçən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 min nəfəri, təxminən 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Hesabatda bir çox qadın və qızın evlərində belə, təhlükəsiz olmadıqları diqqətə çatdırılıb.

Hesabatda son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmadığı, qadınlara qarşı zorakılıqla mübarizənin kifayət qədər aparılmadığı və təcili olaraq daha güclü tədbirlərin görülməsi lazım olduğu vurğulanıb. 

Hesabatı BMT-də fəaliyyət göstərən jurnalistlərə təqdim edən BMT-nin Qadınlar Təşkilatının Proqram, Siyasət və Hökümətlərarası Şöbəsinin direktoru Sarah Hendriks bildiib ki, qadınlara və qızlara qarşı törədilən gender əsaslı qətlləri dayandırmaq üçün qadın qətllərinin riskləri araşdırılmalı və törədilən cinayətlərin qarşısının alınması üçün daha effektiv müdaxilə zəminləri hazırlanmalıdır.

Qadınlara və qızlara qarşı hər hansı zorakılıq aktının, o cümlədən gender əsaslı qətllərin qaçılmaz olmamasının vurğulandığı hesabatda zorakılığın qurbanı olan qadınların tez bir zamanda müəyyən edilməsi, dəstəklənməsi və qorunmasının vacibliyi diqqətə çatdırılır. Hesabatda problemin köklü səbəblərini aradan qaldırmaq üçün cəmiyyətdəki struktur gender bərabərsizliyinin aradan qaldırılması və zərərli kişi davranışlarının qarşısının alınması və buna səbəb olan sosial qaydaların transformasiyası tövsiyə olunub.

Azərbaycan Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirir ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 27-də imzaladığı Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulub”.

Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, qurumlararası əlaqələndirmə və zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi mexanizmlərinin müəyyən olunması istiqamətində işlərin həyata keçirilməsinin Komitəyə tapşırıldığını bildirən B.Muradova hər 3 istiqamətdə tədbirlər  görüldüyünü söyləyib.

Mina RƏŞİD

Oxşar xəbərlər