Davud Həşimov, şəhid Polad Həşimovun oğlu:
-11 illik səfərimizin sonuna yaxınlaşırıq. Bu 11 il ərzində mən çoxlu xoş xatirələr topladım, təcrübələr qazandım və səbrin , zəhmətin önəmini öyrəndim. Çox istəyərdim ki, atam da yanımda olsun. Onunla birgə qeyd edək məzun olmağımı. Amma mən atamın övladı kimi onun irsini davam etdirəcəm. Onun dəyərlərini yaşadıqca yaşadacam.
Şəhid Sədi Musayevin qızı, Arzu Musayeva:
-11 il mənim üçün çox tez gəlib keçdi. Sanki bir göz qırpımında məktəbi bitirirəm. 11 il ərzində çalışdım, əziyyət çəkdim. Gələcəkdə həkim olmaq istəyirəm.
Tədbirdə məzunların uğurlu nəticələri, həm də onların təhsili üçün yaradılan şəraitdən danışıldı. Bildirildi ki, şəhid övladlarının təhsili xüsusilə diqqət mərkəzində saxlanılır.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, Sevinc Orucova:
-Onların gələcəkləri üçün, eyni zamanda onların gələcək həyatlarında uğurlarının bol olması üçün təşviq etməyə çalışırıq. Çünki onların həyat yolu çox çətin oldu. Qəhrəman ataları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu. Lakin onlar özlərini təkbaşına hiss etmədilər. Həm bizim kimi ictimai təşkilatların, eyni zamanda dövlətin dəstəyi, həmin qəhrəman ailələrin valideynlərinin, xanımlarının dəstəyi ilə o övladlarımızın hər biri bu gün orta məktəbi uğurlu nəticələrlə bitirirlər.
“Zəfər” şəhid ailələrinə dəstək” İctimai birliyinin təşkilatçılığı, “Paşa həyat Sığorta” ASC dəstəyi ilə keçirilən məzun günü bədii hissə ilə davam etdi.
Orta məktəbi bitirən gənclərin ən böyük arzuları atalarına layiq övlad olub, xalqı, Vətəni üçün çalışmaqdır.
Şəhid Abdurahmanovun oğlu, Əlibəy Abdurahmanov:
-11 il dostlarım və ailəmlə bərabər həyatıma çox xatirələr qatdım və çox biliklər, təcrübələr, gələcək həyata doğru addımlarımda kömək olacaq. Öncəliklə hədəfim ailəmə, Vətənimə bağlı bir övlad olmaqdır. Daha sonra digər Vətən övladlarına kömək edə biləcəyim işlərdə addımlar atmaqdır.
Şəhid Mais Səmədovun qızı, Məleykə Səmədova:
-İstəyərəm ki, Azərbaycanın adını digər ölkələrdə tanıdım. Atamın da adını zirvələrə qaldırım. O da mənimlə qürur duysun.
Xalq olaraq həm şəhidlərimizlə, həm də onların övladları ilə qüruru duyuruq.
Hazırladı: Tahirə AĞAMİRZƏ