Vətən müharibəsi qəhrəmanlarından olan, 18 yaşında tarix yazan şəhid Sadiq Bəkir oğlu Baxışov 2001-ci il dekabrın 2-də Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. 2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Sadiq Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sadiq Baxışov Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Gənc şəhidimiz Xaçmazda, doğma kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Sadiq Baxışov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və
"Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Müəllimlərinin dediyinə görə, Sadiq uşaqlıqdan mərdliyi və vətənpərvərliyi ilə seçilib. Müharibə vaxtı anasına telefonda deyib ki, narahat olmasınlar, biz zəfərlə qayıdacağıq...
Bu gün 18 yaşlı qəhrəman şəhidimizin doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Sadiq balamız!
Mina RƏŞİD