Suqovuşanın azad edilməsinin strateji baxımdan Azərbaycan Ordusu üçün önəmini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Suqovuşanın çox böyük strateji əhəmiyyəti var. Belə ki, Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verdi. Bundan başqa, Suqovuşan yaşayış məntəqəsinin azad olunması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, o cümlədən digər məntəqələrimizin də işğalçılardan təmizlənməsi üçün Ordumuza böyük üstünlük yaratdı.
Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahının yerləşdiyi strateji əhəmiyyətli Suqovuşan yaşayış məntəqəsinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşməndən təmizləndiyini xüsusi vurğulayan polkovnik bildirib: “Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Buna əlavə olaraq, Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri, eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə xətti olan Ağdərə-Ağdam xətti mühasirəyə düşmə təhlükəsi altına düşür. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Bu mühüm məntəqə düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır.
Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıdı. Bu, çox uğurlu nəticədir və bu uğurlu nəticəyə hamımız sevinirik”.
Hərbi ekspert Ş.Ramaldanov qeyd edib ki, Suqovuşanın azad olunması birinci növbədə Zod, Xankəndi yolunun nəzarət altına alaraq düşmənin həmin yoldan ehtiyat qüvvələrini və ümumiyyətlə, logistik yol kimi istifadə etməsinin qarşısı alındı. Dağlıq ərazilərdə yolların məhdud olduğu yerdən məhz belə vacib yolun nəzarət altına alınması düşmənin ehtiyatlarının və təminat məsələlərinin məhdudlaşdırılmasına gətirib çıxardı.
Digər tərəfdən Suqovuşanın ətrafındakı yüksəkliklər o istiqamətdə olan geniş ərazini nəzarət altına almağa imkan verdi. Bununla da düşmən böyük qüvvəsini məhz Suqovuşan, Ağdərə, Xankəndi istiqamətində cəmləşdirməyə məcbur olub.
Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, sonradan da aldadıcı hücum əməliyyatları apararaq o istiqamətdə düşmənin böyük hissəsinin ehtiyatlarını başqa yöndə istifadə etməyə mane olduq. Düşmən Vətən müharibəsinin sonunadək məhz bu istiqamətdən ehtiyatlanaraq həmin ərazidə böyük qüvvənin saxlanılmasına çalışırdı. Artıq Azərbaycan Ordusu Laçın və Şuşa istiqamətində döyüşlər aparanda Ermənistanın baş qərargah rəisi 20 mindən çox şəxsi heyətin mühasirəyə düşə biləcəyi barədə Nikol Paşinyana müraciət etmişdi.
“Ona görə də düşünürəm ki, Suqovuşanın azad edilməsinin həm ərazi cəhətdən, həm də ümumiyyətlə torpaqlarımızın azad edilməsi üçün strateji planda mühüm yer alması bu əməliyyatlar zamanı özünü doğrultdu. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qarşıda qoyulan əsas hədəf orada aktiv əməliyyatlarla düşmənə hansısa başqa istiqamətə ehtiyatlarını yollamağa imkan verməməkdən ibarət idi.
Ümumi planın tərkib hissəsi olaraq Suqovuşanın azad edilməsinin əhəmiyyəti həm böyük əraziyə nəzarət etmək, həm də düşmənin təminat yolunu bağlamaq, həm də böyük sayda şəxsi heyəti harasa göndərməyə imkan verməmək idi”, - deyə polkovnik vurğulayıb. (AZƏRTAC)