"N Saylı Qəhrəmanlıq" kitabı Müzəffər Azərbaycan ordusunu qələbəyə aparan qəhrəmanlıqlardan bəhs edir. Yazıçı qələmə aldığı əsərdə 44 günlük zəfər yürüşünün bədii təcəssümünü əks etdirib.
Nəşrlərin təqdimat mərasimində ictimai xadimlər, elm adamları, yazıçı və şairlər, şəhid ailələri, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Filologiya elmləri doktoru Yaşar Qasımbəyli çıxışında vurğulayıb ki, Sadıq Qarayevin bu romanı ciddi əhəmiyyətə malikdir. Ona görə də bu roman yalnız bugünki nəsillər üçün yox, həm də gələcək nəsillər üçün çox qiymətli bir mənbədir.
Kitabların informasiya mənbəyi kimi əhəmiyyətindən bəhs edən çıxışçılar bildiriblər ki, bu nəşrlər gənclərdə tarixi qələbə haqqında geniş və əhatəli təsəvvürün yaranmasına da imkan verəcələk.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi İşlər üzrə direktoru Eynulla Mədətli bildirib ki, bu kitablarda Zəfərə gedən yol Zəfərin özü və zəfərdən sonrakı bizim milli hədəflərimiz çox gözəl əksini tapıb. Yeni milli ideyanın, yeni milli hədəflərin "Azərbaycançılıq məfkurəsi" işığında təqdimi sayəsində bu, yazıçının böyük nailiyyətidir.
Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli bildirib ki, "N Saylı Qəhrəmanlıq" romanı tarixi sənədli səpkidə yazılan Vətən müharibəsini və ondan sonrakı Qarabağ uğrunda aparılan mübarizəni tarixi və bədii səpkidə əks etdirən ən yaxşı nəsr nümunələrindən biridir.
Tədbirdə yazıçının yeni tədqiqatları, bədii yaradıcılıq və ictimai fəaliyyətindən də söhbət açılıb.
Sonda Sadıq Qaray kitabları haqqında qonaqlara məlumat verib və qeyd edib ki, "N Saylı Qəhrəmanlıq" kitabı da müharibə dövründən bəhs edir. Kitab üç hissədən ibarətdir: "Müharibə tumurcuqları", "N Saylı Qəhrəmanlıq" və "Mövcudluğun səpələnməsi".
Bu kitabda müharibə ümumi təsvir olunub.
"Azərbaycançılıq məfkurəsi" kitabı ümumiyyətlə, cəmiyyəti bir ideoloji xətt ətrafında, dövlətin ətrafında birləşdirmək üçün nəzərdə tutulmuş kitabdır.
Tahirə AĞAMİRZƏ