Sosial şəbəkədə ondan bəhs edən videolarına, şəkillərinə baxıram, bütün şəkillərdə gülür. Təbəssümü adamın ürəyini dağlayır. Özümdən ixtiyarsız gözlərim dolur. Amma tez də Vüsalın anasına dediyi sözləri xatırlayıram... Canımın bir yarısı bildiyim qəhrəmanımın ruhunu incitməmək üçün ilk dəfədir ki, şəhid haqqında yazanda ağlamıram....
Vüsalın anası Hicran xanım “həmin gün dedi ki, mən artıq könüllü yazılmışam, gedirəm. Alnımdan öpüb dedi, bax, ağlama, başını dik tut, qürurlu ol. Həqiqətən də o qüruru elə bil ki, mənə də keçdi, heç mən də ağlamadım. Yola salanda da yenə ötkəm səsilə dedi, bax ağlama haa...! Döyüşdə olan vaxt telefonla danışanda səsimin titrəməsini hiss edib dedi ki, sənin oğlun döyüşdədir, sən mənimlə fəxr elə. Mən də qayıtdım ki, mən səninlə həmişə fəxr etmişəm, indi də səninlə qürur duyuram, fəxr edirəm, oğlum”.
Allahverdiyev Vüsal Tahir oğlu 1988-ci ildə avqustun 16-da Qubadlı rayonunda anadan olub. 5 yaşı olanda məcburi köçkün adı Vüsalın da taleyinə yazılıb. 9-cu sinifə qədər Sumqayıt şəhəri 23 saylı tam orta məktəbdə təhsil alan Vüsal 10-11-ci sinifi Qubadlı rayonu 2 saylı məktəbdə oxuyub. Elə o vaxtdan da ürəyindəki Vətən sevgisi hər keçən gün daha da böyüyüb, sonunda onu qəhrəmana çevirib.
2010-cu ildə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə-Kredit və Mühasibat Uçotu fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanan Vüsal N saylı hərbi hissədə Vətənə borcunu ödəyib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bank sektorunda çalışmağa başlayıb, filial müdiri vəzifəsinə qədər yüksəlib.
Qeyd edək ki,Vüsalın atası Tahir Allahverdiyev Birinci Qarabağ müharibəsinin veteranı, dayısı Akif Alıyev və əmisi, ehtiyatda olan zabit Mahir Allahvediyev isə qazidirlər.
Dayısı deyir ki, ailəmizdə kişilər bir yerə yığışan zaman elə hey keçmiş döyüş yolundan, qubadlılı günlərimizdən danışardıq, balaca Vüsal da maraqla bizi dinləyib bu söhbətlərimizin sonunda “mən böyüyüm, özüm Qarabağda döyüşüb Qubadlımıza bayrağımızı sancacam”,- demişdi...
2020-ci ilin 14 iyulunda general-mayor Polad Həşimov şəhid olduqdan sonra Vüsal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır. Hər zaman Vətən sevgisini bütün sevgilərdən üstün tutan qəhrəmanımız ailənin tək oğlu olmasına baxmayaraq, işindən, gələcəyindən və bundan sonrakı həyatından imtina edərək Vətənin müdafiəsinə qalxıb və sentyabrın 30-da o könüllülərlə birlikdə cəbhəyə yollanıb. Ağcabədidən başlayan döyüş yolu Cəbrayıl-Hadrut istiqamətində gedən ağır döyüşlərdə davam edib.
Əmisi Tahir Allahverdiyev Vüsalla hər dəfə danışan zaman deyirmiş ki, Vüsal, bəlkə, sən geri qayıdasan, mən döyüşürəm, təcrübəm var, axı, sən müharibə görməmisən. Vüsal isə əmisinə kəskin etiraz edərək deyib: “Sən döyüşüb Vətən qarşısında borcunu yerinə yetirmisən əmi, sənin uşaqların var, sən qayıt ailənin yanına. Mən şəhid olsam, anamdan, atamdan muğayat olarsan”.
Vüsal Allahverdiyev cəbhəyə yollandığından düz bir ay sonra oktyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanan komandirini çıxarmaq istəyərkən 4 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, bu günlərdə şəhidimiz Vüsal Allahverdiyevin xatirəsinin əbədiləşdirilməsi üçün 9-cu mikrorayonda yaşadığı binanın qarşısında abidə kompleksinin və bulağın açılışı olmuşdur.
Tahirə AĞAMİRZƏ