Şirkətin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, proqram onlayn təlimlər və canlı infosessiya modullarından ibarət üçhəftəlik layihə çərçivəsində iyulun 8-dən 26-dək keçirilib.
Əməliyyat Şirkəti və xarici ekspertlər tərəfindən reallaşdırılan intensiv təlim proqramı müxtəlif dövlət qurumlarının COP prosesi ilə yaxından tanışlığını və tədbirdə səmərəli iştirakını, eləcə də bu qurumların sahib olduğu dayanıqlılıq səriştələrinin artırılması üçün məlumatlılığın təmin edilməsinə yönəlib. İqlim, dayanıqlılıq, idarəetmə və sosial sahələri əhatə edən proqram ölkənin 8 müxtəlif sektorunu təmsil edən dövlət qurumları üçün fərqli sessiyalardan ibarət olub və iqlim problemlərinin daha dərindən mənimsənilməsi, eləcə də effektiv cavab strategiyalarının inkişaf etdirilməsinə xidmət edib. Belə ki, nəqliyyat, enerji, iqlim və fövqəladə hallar, iqlim maliyyəsi və iqtisadiyyat, qida təhlükəsizliyi və kənd təsərrüfatı, səhiyyə, turizm, miqrasiya, gənclər və təhsil sektorları daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən ümumilikdə 49 qurum təlim proqramından yararlanıb.
Proqram çərçivəsində, eyni zamanda, COP29 Təşkilat Komitəsi üçün infosessiya görüşlərinə də start verilib. Burada iqlim fəaliyyətinin əsas istiqamətləri, COP29-un tematik günləri, COP29 Azərbaycan Sədrliyinin fəaliyyət gündəliyi və yeni təşəbbüslər toplusu kimi mövzulara toxunulub.
Dövlət qurumları üçün təlim və səriştələrin artırılması proqramı Azərbaycanda ilk dəfə keçiriləcək olan COP29 iqlim konfransına dair sual yaradan mövzulara aydınlıq gətirilməsinə xidmət edib.