21.11.2024, 22:22
AZ EN
02.07.2024, 11:34 280

“El təəssübü, Vətən məhəbbəti” adlı sənədli filmə ictimai baxış keçirilib

XƏBƏRLƏR
  • Nizami Kino Mərkəzində Birinci Qarabağ savaşının igid döyüşçüsü, Milli Qəhrəman Fazil Mehdiyev haqqında çəkilmiş “El təəssübü, Vətən məhəbbəti” adlı sənədli filmə ictimai baxış keçirilib.

Filmin nümayişindən əvvəl milli qəhrəmanlar barədə 20 filmin sse­nari müəllifi, Əməkdar mədəniyyət iş­çisi Rəfiqə Məsud Qarabağ savaşının cəngavər oğullarının kinosalnaməsinin yaradılmasının tarixi önəmindən və bu vətənpərvərlik örnəklərinin yeni nəsillərə ötürülməsində xronikal lentlərin təsirli vasitə olmasından söz açıb.

Rəfiqə Məsud milli tariximizin bu ən böyük rəşadətinin qazananılması uğrun­da 33 il əvvəldən başlamış döyüşlərdə misilsiz hünər göstərərək həlak olmuş Fazil Mehdiyev barədə “Yaddaş” stu­diyasında çəkilmiş filmin necə ərsəyə gəlməsi barədə məlumat verib.

Milli Qəhrəmanın anası Şövkət Meh­diyeva deyib ki, oğlunun dünyaya göz aç­dığı Laçın obası Xalq qəhrəmanı Sultan bəy və onun qardaşı, AXC liderlərindən olmuş Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovlar kimi qeyrətli oğullar yetirmişlər: “Fazil evimizdə on­lar barədə əfsanəyə çevrilmiş söhbət­ləri sevgi ilə dinləyərək böyümüşdü. Qarabağın başı üstünü qara buludlar alanda Fazil də qeyrətli həmyerlilərinin mübarizə yolunu davam etdirdi. Dedi ki, Sultan bəyin, Xosrov bəyin həmyerlisi düşmənin qabağından qaça bilməz. O təkcə bir evin yox, bir elin, bir xalqın da başını uca edən oğul oldu. Qəhrəman anası olmağımla fəxr edirəm. Oğlumun xatirəsini əziz tutanlara və ona ekranda ölməzlik gətirənlərə dərin razılığımı bil­dirirəm”.

Milli Qəhrəmanın qardaşı Azər Meh­diyev, qazi qurumlarının rəhbərlərindən Saleh Qarayev və Seymur Abdullayev, Fazil Mehdiyevin döyüş yoldaşları onun qorxmazlığından, cəsarətindən, mərd­liyindən, yurd sevgisindən söz açblar. Onlar milli qəhrəmanlar haqqında çəkil­miş filmlərin telekanallarda davamlı ola­raq göstərilməsinin, belə videodisklərin geniş yayılmasının vacibliyini söyləyiblər.

Sonra “El təəssübü, Vətən məhəb­bəti” filmi nümayiş etdirilib. Qəhrəmanın doğmaları, dostları, həmyerliləri və icti­maiyyət nümayəndələri ekran əsərinin təsirli epizodlarını həyəcan və qürurla  seyr edib, onu daha yaxından tanıyıblar.

Xatırladaq ki, Fazil Mehdiyev 1966-cı ildə Laçının Ələçi kəndində doğulub. Ağdamın Gülablı kəndində böyüyüb, orta təhsil alıb. Hərbi xidmətdən qayıdıb sürücülük peşəsinə yiyələndikdən 2 il sonra başlanan Qarabağ münaqişəsinin ilk günlərindən erməni quldurlarının qon­şuluğunda yerləşən Abdal-Gülablının müdafiəsinə qalxıb. 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna daxil olub. Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kənd­lərində gedən qanlı döyüşlərdə iştirak edib, ermənilərə ağır zərbələr vurub. Qaradağlı kəndində yaralanıb. Tez­liklə yoldaşlarının yanına qayıdan Fazil 1991-ci il sentyabrın 24-də Abdal-Gü­lablıya güclü hücumun qarşısını alarkən onlarca qulduru məhv edərək qəhrəmancasına şəhadətə ucalıb. 

1992-ci ildə Vətənin fəda­kar övladı Fazil Umud oğlu Mehdiyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıda  park­lardan birində onun büstü ucaldılıb, adına küçə var. 

Mina RƏŞİD

Oxşar xəbərlər