24.04.2025, 21:41
AZ EN
28.06.2024, 11:09 345

Elmar yaralı dostuna köməyə gedəndə şəhid olub...

XƏBƏRLƏR
  • Şanlı Vətən Müharibəsi başlayanda Elmar hərbi xidmətdəydi. Ancaq o, döyüşlərə qatılsa da bunu doğmalarına bildirmirdi. İgid əsgər kimi torpaqlarımızın azadlığı uğrunda savaşan bu cəsur oğul qanlı döyüşlərin birində yaralı gizir yoldaşına köməyə gedir. Ona bunun nə qədər təhlükəli olduğunu desələr də, Elmar heç nəyə fikir vermir. Elə yoldaşına kömək zamanı da düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhadətə ucalır...   

Bu gün qəhrəman şəhidimiz Elmar Elşən oğlu Əhmədovun doğum günüdür. O, 2000-ci il iyunun 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi Vətənə xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi bir aydan çox neytral zonada qaldığından ailəsinə təhvil verilməyib. Şəhidimiz noyabrın 19-da doğma Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elmar Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elmar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər