Bunu misgər sənətinin mahir ustası Şəmsəddin Soltanlı İctimai Televiziyanın onunla bağlı hazırladığı videoçəkilişdə deyib.
Qabarlı əllər. O əllərə bir insan ömrünün rəsmi çəkilib sanki. Həyatın yükünü, əziyyətini daşıyan bu əllər 54 ildir ki, ata-babalarından yadigar qalan misgər səbətini yaşatmağa davam edir. Şəmsədin Soltanlı əslən misgərlik sənətinin yarandığı Lahıcdan olsa da, Ağdam rayonunda dünyaya gəlib. Uşaq vaxtlarından bu sənətə maraq göstərən Şəmsəddin Soltanlı Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün kimi Bakıya köçüb. Hazırda Bakının Kubinka adlanan ərazisində misgərlik sənətini qoruyub yaşatmaqdadır.
“Məktəbdən çıxıb evə gedəndə adətən dönürdüm atamın iş yerinə. Uşaq ola, çəkic ola, bir də mən olam. Təxminən 8-9 yaşımdan bax, belə-belə, istər-istəməz nə isə götürürdüm çəkiş vurmağa. Bir vaxt baxdım gördüm ki, sənətdə nəsə düzəldə bilirəm. Qazan düzəldə bilirəm, qapaq düzəldə bilirəm. Atamın halallığıyla bu sənətlə məşul olmağa başladım. Atam mənə dedi ki, oğul, usta kimi sənə icazə verirəm oturub işləyəsən.
Belə bir deyim var: istər xalq sənətkarı, istər mühəndis, istərsə də aşbaz olsun, fərq etməz, hər birinin vəzifəsi təbiətin onlara bəxş etdiklərinə yeni həyat verə bilməkdir. Şəmsəddin dayı da bu uşaqlığından bağlandığı bu sənətə necə deyərlər, can verib, yaradıb.
Şəmsəddin dayı deyir ki, bu samovarı mən nəvəm qədər sevirəm: “Həkim xəstəsini sağaldıb, onun arxasınca baxıb rahat nəfəs alıb şükür ki, xəstəm sağalıb evinə getdi”,- dediyi kimi, bu samovar da mənim üçün elə bil ki, canlıdır, buna mən əşya demərəm, bu canlıdır. Mən bununla söhbət edirəm. Bunu bərpa edərək işlədikcə, bu hala gətirincə, böyük zəhmət çəkirəm. Mən buna həyat verirəm axı. Mən buna həyat verirəmsə, deməli, bu, xöşbəxtlikdir. Ona görə də sevgim var.
Zəhmət tələb edən bu işə sevgisini, gücünü və enerjisini qatan Şəmsəddin Soltanlı dayanmadan çalışmağa davam edir. Əsl sənətkar məharəti isə üzdə sadə görünənin dərin mənasını üzə çıxarmaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ