10.10.2024, 15:20
AZ EN
29.03.2024, 10:23 313

Düşmənin xarabaya çevirdiyi kəndə də həyat qayıdacaq: onlar hər gün bu ümidlə yaşayırlar

XƏBƏRLƏR
  • Yuxarı Əskipara kəndinin bir addımlığındadır Aşağı Əskipara. Burdan 32 ildir düşmənin işğalı altında olan kənd aydın görünür. Dağıdılmış evlər, viran qalan yurd, kol-kos basan yollar... İndi Əskipara kəndi tam bir xarabalığı xatırladır...

32 il əvvəl isə burda həyat var idi...

Aşağı Əskipara kənd sakinləri doğma kəndləri haqqında AZTV-yə danışmışlar.

Aşağı Əskipara kənd sakini, Faiq Vəliyev:

-Kənd dağlıb, indi əvvəlki kənddən əsər-əlamət yoxdur. Heç bir şərait qalmayıb.Yollarımız, körpülərimiz, qəbiristanlığımız dağıdılıb, ermənilər qəbirlərimizin üstündəki mərmər daşları söküb aparıb öz ölülərinə başdaşı düzəldiblər. Biz həmişə Aşağı Əskiprada yaşamışıq, yaşayacağıq da. Orda erməni torpağı yoxdu. Torpaq Azərbaycan torpağıdır.

32 il bundan əvvəl ermənilər dinc sakinləri zorakılıqla, silah atəşləri ilə öz yurdlarından didərgin salıblar.

Aşağı Əskipara kənd sakini, Əliağa Süleymanov:

-Martın 13-dən kənd camaatını, xüsusilə də qadın və uşaqları çıxartmağa məcbur olduq və həmin gündən başlayaraq bizim  kənd müxtəlif çaplı plemyotlardan, tanklardan və digər odlu silahlardan düşmən atəşinə məruz qaldı. Bu proses davam elədi.

Ta ki, insanlar öz evlərini məcburi tərk edənəcən... Bu kənd ermənilərin hücumu zamanı 15 şəhid verib. 1096 nəfər doğma yurd-yuvasından didərgin salınıb. Təkcə fotoşəkillərdən başqa bir şey belə götürmədən canlarını xilas edə biliblər erməni cəlladlarından. 

Aşağı Əskipara kənd sakini, Sevil Əsgərova deyir ki, nənəmin bu kəlağayısını, bir də sandığı gətirə bildim, sandıqda da ki, bu kələğayılar, uşağımın paltarları olub, başqa heç nə. İndi səbirsizliklə Aşağı Əskipara kəndinin qayıtmasını gözləyirəm. Arzulayıram ki, sağcanla gedərik ora, hamıdan qabaq mən ayağıyalın gedəcəm kəndimizə, yəni bunu əhd eləmişəm.

Doğma yurd niskilinə indi xatirələrlə təsəlli tapan kənd sakinləri Əskiparaya qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Aşağı Əskipara kənd sakini, Nəsib Nəsibov:

-O tarpaqların hamısı bizim ata-baba yurdlarımızdır. Bizdən qabaq nənələrimiz-babalarımız orda yaşayıblar. Bu haqda geniş danışıblar bizlərə. Mən 56 yaşındayam, mən o dağların dərələrin, bağların, bulaqların hər birini tanıyıram...

Əks təqdirdə düşmən onu belə viran qoymazdı. Necə ki, Qarabağda daşı-daş üstündə qoymadığı kimi. Amma indi yeni reallıq var axı. Bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Doğma  yurdlarına qayıdan sakinlər yeni nəfəs verir o torpaqlara. Gün gələcək Qazağın işğal altında olan kəndləri də abadlaşacaq. O torpaqlarda dalğalanan bayrağımızın kölgəsi içində Vətən yanğısı olanların ürəyinə su səpəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər