04.03.2026, 08:00
AZ EN
14.01.2026, 10:52 236

Bu gün şəhid Şahin Bayramovun doğum günüdür

XƏBƏRLƏR
  • Şahin uşaqlıqdan hərbçi olmaq istəyirdi. Ancaq müəyyən səbəbdən arzusuna çatmamışdı. Buna baxmayaraq Şahin ruhdan düşmədi və illər sonra yenidən MAXE kimi Vətənə xidmətə başladı. Döyüş yoldaşları deyirlər ki, Şahin sanki vuruşmaq üçün dünyaya gəlmişdi. Həm fədakar döyüşçü, həm də xeyirxah insan idi. Onlarla yaralı yoldaşını güllə altından çıxarmışdı. Aprel döyüşlərinin də iştirakçısı olmuş Şahin Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Ancaq onun mübarək nəşi uzun müddət axtarılıb. Atası oğlunun şəhid xəbərini düz 80 gün ürəyində saxlayıb. Hansısa bir ümidlə səbr edib, qəlbini sıxan bu xəbəri kimsəylə paylaşmayıb. Deyir, nələr çəkdiyimi bir Allah bilir, bunu bəndə bilməz...    

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Bayramov Şahin Arif oğlunun doğum günüdür. O, 14 yanvar 1992-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə 17 saylı orta məktəbə daxil olub. 2009-cu ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirib. 2010-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb.

Şahin Bayramov 2018-ci ildən MAXE kimi yenidən Vətənə xidmətə  başlayıb. 2016-cı ildə baş vermiş Tovuz döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub və şücaətlər göstərib.

Şahin Bayramov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda yerləşən Murov dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi uzun müddət axtarışdan sonra 19 dekabr 2020-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahin Bayramov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər