Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.
Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısına qədər bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrinə qısa şəkildə nəzər salınıb.
Əsərin ikinci fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.
Təqdim edilən tədqiqat əsərində Şuşa şəhərinin tarixinə və mədəniyyətinə məhz epiqrafik abidələr əsasında işıq salınıb. Doğrudur, Şuşa şəhərinin epiqrafik abidələri əvvəllər, müxtəlif illərdə azərbaycanlı epiqrafist alimlər tərəfindən araşdırılsa da, bir çoxu diqqətdən kənarda qalmış və yaxud geniş şəkildə tədqiqata cəlb edilməmişdir. Əvvəllər heç bir alim tərəfindən araşdırılmamış bir çox epiqrafik abidələrin ilk dəfə olaraq E.Mustafayev tərəfindən aşkarlanması və tədqiq edilməsi əsərin səciyyəvi xüsusiyyətlərindən biridir. Şuşa şəhərində salamat qalmış və yaxud dağıdılmış müxtəlif təyinatlı abidələrin üzərində ərəb, fars və Azərbaycan dillərində həkk olunmuş yazılar dəqiq oxunaraq ana dilimizə tərcümə edilib.
Kitabda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-fars və türkdilli kitabələrdəki mətnlər tədqiqatçı tərəfindən düzgün şəkildə oxunaraq orijinal dillərdə sadə qrafikaya çevrilib, eyni zamanda, həmin yazılar ana dilimizə tərcümə edilib və digər ənənəvi tarixi mənbələrlə qarşılaşdırılaraq geniş şəkildə şərhlər verilib. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı prosesləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. (AZƏRTAC)