Bu gün qəhrəman şəhidimiz 19 yaşlı əsgər Əkbər Bahadur oğlu Hüseynovun doğum günüdür. O, 2001-ci il iyulun 11-də Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Əslən Füzuli rayonundandır. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə alıb. Əkbər 11 yaşından Kikboks idman növü ilə məşğul olmağa başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Goranboy rayonunda, daha sonra Mingəçevirdə Vətənə xidmət edib.
Ordumuzun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərə qatılıb.
Əkbər Hüseynov sentyabrın 29-da Talış kəndi istiqamətində gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz doğma Sabunçu rayonunda böyük izdiham və ehtiramla Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Anası Tahirə xanım deyir ki, Əkbər hərbi xidmətdən həmişə onunla danışanda “Qadan alaram, ana, necəsən?” - deyərdi. İndi həmin sözləri mənə deyən yoxdu... Tahirə xanım oğlunun şəhid olduğunu hiss etdiyini söyləyir: “Onda düşündüm ki, yəqin son anda məni çağırıb...”
Atası deyir ki, bu gün işğaldan azad olunmuş torpaqlara qayıdışla bağlı mənim qarşıma sual qoyulsa ki, doğulduğum Füzulini, yoxsa Talış kəndini seçim. Mən heç düşünmədən Talış kəndinə gedərdim. Əkbərdən sonra o yerlər mənim üçün müqəddəs bir ziyarətgaha çevrilib.
İndi valideynləri Əkbərin gülərüzlü şəkillərinə baxaraq bir an da olsa gülümsəyirlər. Adını qanıyla Vətən tarixinə yazan Əkbər isə şəkillərdən əbədi olaraq gülümsəyəcək...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əkbər balamız!
Mina RƏŞİD