Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Elməddin Ələddin oğlu Məmmədlinin doğum günüdür. O, 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb.
Vətən müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən qəhrənacasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Anası deyir ki, mən fəxr edirəm, Elməddin və onun kimi oğullarım var.
Bəli, şəhidlər bütün Azərbaycan analarının övladlarıdır və bütün xalqımız onların şücaətləri ilə qürur duyur!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Elməddin balamız!
Mina RƏŞİD