21.05.2024, 02:29
AZ EN
19.07.2023, 14:53 257

Elçin Əlibəyli: “Ermənistanda heç vaxt siyasi hadisələr bitməmişdi, heç vaxt sülh yox idi. Əslində bizə qarşı çox qəddar münasibət var idi”

XƏBƏRLƏR

Elçin Əlibəyli yazır:

Mənim üçün İrəvan 1978-ci ildən başlanır. Hər halda sənədlə, rəsmi qaydada belədir. Amma bir qədər sonra. Təbii ki, dünyanı ilk dərk elədiyimdə o şəhərin küçələrini, evlərini və bir də həmişə elə bil həyan olan, o şəhəri qoruyan Ağrı dağın zirvəsi görünürdü. İrəvanda, bəlkə də, elə bir eyvan olmazdı ki, bəlkə də, elə bir pəncərə olmazdı ki, oradan Ağrı dağ görünməsin və xüsusi bir görüntü bəxş edirdi şəhərə. Mənim də təəssüratım, birinci təəssüratım, yadda qalan təəssüratım elə, bax, o Ağrı dağ oldu və təkcə, bu simvol halını daşımırdı, elə bil şəhərin ab-havasına təsir edirdi. İrəvan, əslində elə də böyük şəhər deyildi. O dövrdə, mənə elə gəlir ki, ən böyük şəhərdi, çünki ondan başqa şəhər görməmişdim və mənə elə gəlirdi ki, ən böyük şəhərdir, həm də bir qədər itilənmiş şəhərdir. Onu hər addımbaşı eşidirdim və görürdüm, yəni böyüklər deyirdilər, küçədən keçəndə, məsələn, bunun köhnə adı belə olub, bu məhəllənin köhnə adı belə olub və bunlar hamısı, təbii, Azərbaycan adları idi və erməniləşdirilmişdi, dəyişdirilmişdi və hər dəfə deyəndə ki, bax, bu məhəllənin adı Təpəbaşı olub, bura Dəlmə bağları olub, və yaxud bu çayın adı Zəngi çayı olub deyəndə və indi dəyişdirilib başqa adla təqdim olunanda o həsrəti hiss edirdim. O mənada İrəvan həm də mənim üçün həsrətlər şəhəridir. İrəvanda olan xatirələr uşaqlıq xatirələrinin ən parlağımı deyək, ən yadda qalanımı deyək, birinci, təbii ki, bax o dediyim məhəllələrlə bağlıdır, çünki o məhəllələrin təkcə adı dəyişdirilməmişdi, o məhəllələrin sakinləri də köçüb getmişdi və bu mənada tənha şəhər saymaq olardı, çünki yerli, o şəhəri salan, o şəhərdə məskunlaşan əhalinin, yəni azərbaycanlıların çoxu artıq köçüb getmişdi və azərbaycanlıların sayı çox az idi. Xüsusilə mən doğulduğum və ilk özümü dərk elədiyim məhəllədə və yaxud da, belə deyək, o rayonda ümumiyyətlə, İrəvanın çox sıx əhalisi olan rayonda azərbaycanlıların sayı, demək olar ki, sıfıra bərabər idi. Bu, təbii ki, təsir edirdi həm ətrafa münasibətə, həm şəhərə münasibətə, o mənada haradasa bir şəhərdən soyuqluğu. Əslində, İrəvan soyuq şəhərdir və baxmayaraq ki, yayı çox qızmar keçir, amma qışları çox sərt olurdu və bir az da o sərtlik, bəlkə də, yad millətin içində olmağını hər dəqiqə hiss eləməyinlə bağlıdır. Ən ağrılı cəhətlərdən biri o idi ki, İrəvanda azərbaycanlılar az idilər və bir-biri ilə çalışırdılar ki, müəyyən qədər əlaqə saxlasınlar və bir-birlərini qorusunlar. Amma bu, çox vaxt alınmırdı, çünki təbii qayğılar var idi, hərə bir tərəfə dağılmışdı, qədim məhəllənin çoxusu sökülmüşdü. Cəmisi bir-iki məhəllədə kompakt azərbaycanlılar yaşayırdı. Uşaqlıq xatirələrindən danışanda İrəvanın ən yadda qalan, təbii ki, suyu və bulaqlarıdır. Çox qəribədir ki, “Qırxbulaq” deyilən ərazi var, İrəvana yaxın bölgələrdən biridir. Oradan İrəvana çəkilmiş su bütün şəhərə verilirdi və “Qırxbulaq” suyu xüsusi bir dadı ilə seçilirdi və yayın ən cırhacır vaxtında, ən isti vaxtında belə şəhərdə olan bulaqlardan sərin buz kimi su içirdik. Bu, təbii ki, mənim yadımda qalandır. İrəvanın çox maraqlı bir şəhər quruluşu vardı, çünki çay var idi şəhərin içində. Çayın özünün şəhərə bəxş elədiyi bir romantika var idi təbii ki. Amma o dövrdə elə bir yaxşı romantika haqqında düşünmürdün. Amma indi hərdən hansısa bir epizod yadına düşəndə fikirləşirsən ki, bu da onun bir tərkib hissəsidir və hərdən darıxanda, bax, yadıma düşən mənzərələrdən biri də odur. Çox maraqlıdır: gözəl bir uşaq parkı var idi. Təbii ki, bir dövlətin paytaxtı idi, o mənada daha çox orada tikintilər aparılırdı digər rayonlara baxanda və uşaq parkının mənim üçün xüsusi bir aləmi var idi. Bu yaxınlarda təsadüfən şəkillərə baxanda o parkın hansı vəziyyətdə olduğunu gördüm və fikirləşdim ki, elə uşağlığımızı necə qorumuşuqsa, o cür də qalıb orada, hələ ki, ona toxunmayıblar, hələ ki, dəyməyiblər, hələ ki, onu pozmayıblar. Yəni o xatirələr çox epizodik bir halda qalıb, çünki şəhərin siması son neçə illər ərzində xeyli dəyişibdir, xeyli yenidən erməniləşdirilibdir. Yeri gəldi-gəlmədi tikilən kilsələr və yaxud da erməniləşdirmək üçün memarlıqda yenidən bir düzəlişlər etməklə, yəni özlərinə saxta tarix yaratmaqla azərbaycanlı şəhərinin adını oradan silmək istəyirlər.  1988-ci il hadisələrindən sonra, təbii ki, o qəbiristanlıq da dağıldı. Çox qəribədir, İrəvanın elə ciddi bir xoş günü yoxdur ki, mən onu xoşluqla xatırlayım. Uşaqlıqda, bəlkə də, vurulan travmalardan biri də məhz baş verən siyasi hadisələr, mən əvvəlcədən deyim ki, Ermənistanda heç vaxt bu siyasi hadisələr bitməmişdi, heç vaxt sülh yox idi. Əslində bizə qarşı çox qəddar münasibət var idi: özü də uşqdan tutmuş böyüyə qədər. Mənim yadımdadır: birinci sinifdə oxuyanda sinif şagirdləri ənənvi olaraq ad günündə nəsə hədiyyə verirlər. Mənə rəsm albomu hədiyyə verdilər. Albomun üzərində Ağrı dağın şəkli var idi. Həmin dövrdə İrəvanın əhalisi çox rahat Türkiyə televiziyalarını izləyə bilirdi. Təbii ki, televiziya deyəndə söhbət ancaq TRT-dən gedir. O vaxt TRT idi ancaq və TRT-nin başlanğıcında qəribə bir, indiki dillə desək, zastavka, yəni başlanğıc arakəsmə oldu və orada Ağrı dağın üzərində Türkiyənin bayrağı göstərilirdi və o bizim yaddaşımızda qalmışdı, illah da ki, küçədə, məktəbdə − hər yerdə bizi “türk”, “türk” deyə çağırırdı. Bu bizim üçün doğmalaşmışdı və mən albomun üzərində Türkiyənin bayrağını çəkdim Ağrı dağın üstündə. Bu, çox böyük bir nifrətə səbəb oldu. Təbii, açıq mətnlə heç nə demədilər. Amma 1985-ci ildə Sovet ölkəsində bir, belə deyək, burjua ölkəsinin, kapitalist ölkəsinin bayrağını çəkmək o demək idi ki, evdə düzgün tərbiyə aparılmır, sovet tərbiyəsi aparılmır, yəni bunu o qədər siyasiləşdirmək olardı ki, ağlasığmayacaq qədər. Bir təhər ötüşdük məsələdən. Amma bu da, təbii, məndə iz buraxdı və mən anladım ki, bunlar bütün yollarla ancaq bizlə mübarizə aparırlar. Yadımdadır, baxmayaraq ki, futbol həvəskarı deyiləm, ümumiyyətlə, futboldan da xoşum gəlmir, amma söhbət elə həmin illərdən gedir. Yəni 7-8 yaşında uşaqların danışacağı mövzu, təbii ki, futboldur və səhv etmirəmsə, Dünya çempionatının ərəfəsi idi, 1986-cı il idi və belə bir polemika əsasında sinif yoldaşım məndən soruşdu ki, Türkiyə ilə SSRİ oynayarsa, sən kimin tərəfində olarsan? Mən qeyri-ixtiyari “Türkiyə” dedim və onun o baxışında çox qəribə bir nifrət düşmənçiliyi gördüm. Halbuki sinif yoldaşım idi və biz, belə deyək, günün neçə saatını bir yerdə oluruq, dərslərimizi hazırlayırıq. Amma o şeyin onların içində olduğunu onda hiss elədim. Və çox qəribədir ki, şəhərin xoş uşaqlıq xatirələrindən çox, bax, belə acı xatirələri məndə qalıb. Yadımdadır, 1988-ci ilin fevral ayı idi, ənənəvi olaraq məktəb yox idi, bazar günü idi və düşüb mağazadan nəsə almaq istəyirdim evə. Səhər tezdən idi. Satıcı mənə heç nə satmayacağını dedi. Mən türkə heç nə satmıram. Mən anlamadım. Bu, satıcı idi, tanıdığımız satıcı idi, məhəllədəki olan mağazadır. O mənə dedi ki, siz Sumqayıtda erməniləri qırmısınız. Mən anlamadım. Mən heç bilmirəm, Sumqayıt haradır? Yəni onda xəbərim yox idi, Sumqayıtda olmamışdım heç vaxt. Bakıda da olmamışdım heç onda. Evdəkilər tez-tez gəlib gedirdilər, amma mənə qismət olmamışdı. Mən Bakını 1988-ci ildən qabaq görməmişdim, şəkillərdə görmüşdüm. Bilirdim ki, Bakı şəhəri təqribən necədir, ancaq şəkillərdə. Əvvəl proses artıq 1988-ci ildə o qədər şiddətləndi ki, əslində, bəlkə də, xoş günlərimiz var idi uşaqlığımızda. O xoş günlərin hamısını da silib apardı. Sonuncu gün də, mənim İrəvandan çıxdığım gün də çox dəqiq yadımdadır və o günün özündə də yenə mən gülərüz çıxmamışdım deyə o şəhərdən, bəlkə də, heç vaxt gülərüz danışa bilmirəm o mövzuda. Amma çox maraqlı şəhərin özünün, söhbət, təbii ki, azərbaycanlılardan gedir, orda yaşayan azərbaycanlılardan gedir, qəribə bir kontingenti var idi. Həm məhəllələrin adları çox fərqli idi, məsələn orda məşhur “Pittilər” məhəlləsi var idi. Bu “Pittilər” məhəlləsi, niyə adını belə qoymuşdular, mən bilmirəm, amma əsasən ticarətlə məşğul idilər və orda çox ciddi biznes qurulmuşdu, çox ciddi ticarət var idi. Sovet dövrü üçün təbii. Məsələn, nənəmgilin məhəlləsi, yeni məhəllə idi o, sonradan ora köçmüşdülər. Ora “Qara bazarın” arxası deyirdilər. Demək, “Qara bazarın” arxasının bir tərəfi həmin məşhur “Pittilər” məhəlləsi idi, bir tərəfi, artıq düşürdü, şərti deyək, “Dəmir bulaq” tərəfə. Oranın tamam başqa artıq kontingenti var idi. Amma İrəvanın, mənə qədər deyirdilər, yəni valideynlər deyirdilər ki, elitasını yaşadığı ərazilər olub, məsələn, Pənah xanın bulvarı. Bu ərazi indi olmasa da, el içində o sözü işlədirdilər, “Pənah xanın bulvarı” deyib o adı saxlamışdılar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər