Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və torpaqlarımızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Bildirib ki, ökədə gənclərlə bağlı dövlət tərəfindən uğurlu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Gənclər Günü” münasibətilə rayon gənclərini təbrik edib, Ulu Öndərin gənclərlə bağlı imzaladığı fərman və sərəncamların gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etdiyini diqqətə çatdırıb. Dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasətinin bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Vüsalə Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir.
Qeyd edilib ki, şuşalı gənclər rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edirlər.
Tədbir Şuşa Rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqram ilə davam etdirilib.
Şuşa rayonunun mədəni-kütləvi tədbirlərinin təşkil olunmasında, rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup gənc fəxri fərman və hədiyyələrlə təltif olunub.
Hazırladı: Mina RƏŞİD