Vətən müharibəsi qazisi Vüsal Mütəllimov belə deyib.
Ağsu rayonundan olan qazi Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, müharibə zamanı ən yaddaqalan məqamı belə xatırlayır: "Suqovuşanın azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı möcüzə nəticəsində sağ qaldım. Düşmənlə üz-üzə döyüş zamanı snayper gülləsi başımdakı kaskaya dəydi. Ölümü ən yaxınımda hiss etdiyim an idi. Allah məni qorudu. El arasında bir deyim var: "Anası namaz üstə imiş". Mən bunu həqiqətən də yaşadım. Bilmirəm, bəlkə də anamın duası məni ölümün caynağından aldı. Ən əsası isə özümü itirmədim. Döyüş yoldaşlarımla birgə tapşırığı uğurla tamamladım və istədiyimizə nail olduq. Döyüş meydanında Qələbə sevinci yaşamaq ifadə edilə bilməyəcək dərəcədə fərqli hisslərdir. Onu da qeyd edim ki, 44 günün hər günü mənim üçün dəyərlidir. Lakin oktyabrın 3-ü Suqovuşan qəsəbəsi və Talış kəndinin azad edilməsi mənim üçün məxsusi tarixlərdir. Bu da həmin ərazilərin azad edilməsi uğrunda döyüşməyimlə bağlıdır. Həmin ərazilər də mənim üçün çox doğmadır. Orada neçə döyüş xatirəm var, neçə igidin qəhrəmanlığına şahid oldum, etibarlı dostlar qazandım. O torpaqlarda neçə-neçə cəsur silahdaşım şəhid oldu. Onların qanını yerdə qoymadıq. Həm intiqamımızı aldıq, həm də torpaqlarımızı düşməndən təmizlədik. İndi onların məzarlarını alnıaçıq ziyarət edə bilirik. Həyatımın ən vacib anlarını yaşadığım 44 günü və qəhrəman döyüş yoldaşlarımı son nəfəsimə qədər unutmayacağam".
V.Mütəllimov müharibədən sonra hərbi xidmətini Kəlbəcər rayonunda davam etdirdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Mütəllimov Vüsal Ətraf oğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. (AZƏRTAC)