21.11.2024, 20:34
AZ EN
13.08.2024, 13:42 279

Bu gün Beynəlxalq Solaxaylar Günüdür

XƏBƏRLƏR
  • 3 avqust - Beynəlxalq Solaxaylar Günüdür. Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.

Bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.

Bəzi məlumatlara görə, dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Solaxaylığın irsən keçməsi elmi araşdırmalar zamanı təsdiqlənib. Lakin bununla yanaşı, bəzən ailədə heç kim solaxay olmadığı halda uşaqlarda solaxaylıq inkişaf edir. Alimlərin qənaətinə görə, solaxaylarda beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha yaxşı inkişaf edir və beynin yarımkürələri arasındakı keçiricilik daha yaxşıdır. Solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onlar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar.

Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut edilib ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə - rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər.

Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Solaxaylıq əvvəllər heç də xoşagələn hal kimi qəbul edilməsə də, indi buna adi baxılır. Bəzən gənc analar müxtəlif yollarla uşaqları solaxaylıqdan çəkindirməyə çalışırlar. Lakin həkimlərin qənaətinə görə, uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və uşağı daha aqressiv edir. Ona görə də onu dəyişməyə çalışmamaq məsləhətdir.

Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.

Dünyada solaxay məşhurlar da çoxdur. Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçil, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər